KitabYurdu » Kitab » Ədəbiyyat » Kişvəri - Əsərləri


Şeçilmişlər Kişvəri - Əsərləri

Kişvəri - Əsərləri PDF
ADI:
Əsərləri
REYTİNQ:
  • +10
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2004
ÖLÇÜSÜ:
381 KB
15-ci əsr anadili poeziyamızın yaradıcılarından biri Nemətullah Kişvəridir. Onun Azərbaycan dilində yaratdığı "Divan"ı Yaxın Şərqdə geniş yayılmış, o dövr şairlərinin yaradıcılığında müəyyən iz qoymuşdur.
Kişvərinin nəşr edilən bu "Əsərləri" poeziyamızın 15-16 - cı əsr mənzərəsini canlandırmaq baxımından əhəmiyyətlidir.
XV əsrin axırı - XVI əsrin əvvəllərində yaşamış görkəmli Azərbaycan sənətkarlarından biri də Kişvəri təxəllüsü ilə yazan şairdir. “Danişməndani-Azərbaycan” müəllifinin Nemətullah Kişvəri Dilməqani deyə qeyd etdiyi bu sənətkar anadilli poeziyanın inkişafında mühüm rol oynamış, şeirdə ictimai motivlərin gücləndirilməsində, həyatdakı uğursuzluqları sənətdə əks etdirməkdə xeyli iş görmüş, Həbibi və Xətayi kimi sənətkarlarla yanaşı böyük Füzulinin ən layiqli sələflərindən biri olmuşdur. Təəssüf ki, bir çox alim və şairlərimiz kimi Kişvərinin də həyat və yaradıcılığı haqqında olan məlumat çox natamam və pərakəndə haldadır. Şairin nə vaxt yaşayıb yaratdığını ancaq təxmini müəyyənləşdirmək olar. Onun nə vaxt anadan olduğu və nə vaxt öldüyünü isə hələlik dəqiqləşdirmək mümkün olmamışdır. Nəvai təsiri ilə şeirlər yazması, bir sıra şeirlərində Ağqoyunlu hökmdarı Sultan Yəqubu xatırlatması, Həbibidən gileylənməsi və s. bu kimi faktlar belə bir mülahizə yürütməyə imkan verir ki, Kişvəri Həbibi ilə müasir və dost olmuş, onunla eyni vaxtlarda sənət aləminə gəlmiş qüdrətli bir şair kimi daha çox Sultan Yəqub dövründə parlamışdır. Kişvərinin yaradıcılığı dərin ictimai məzmunu ilə diqqəti cəlb edir. İstər ədəbi fikrin inkişafı, istərsə də dil tarixi baxımından bu istedadlı sənətkarın yaradıcılığı hərtərəfli öyrənilməyə layiqdir.
Əgər təzkirələrdə verilən səthi məlumatı nəzərə almasaq, şair haqqında ilk və ardıcıl tədqiqatı akademik Həmid Araslı aparmış, onun ədəbiyyat tarixində yerini müəyyənləşdirilmişdir. Hələ 1943-cü ildə “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi” kitabında H.Araslı Kişvəridən qısaca bəhs etmişdir. O vaxt H.Araslı şair haqqında ancaq bir neçə şeir əsasında danışıb, bu az parçalar əsasında onun qüdrətli klassiklərdən olduğunu yazırdısa, 1946-cı ildə onun yaradıcılığından daha ətraflı bəhs edir. Həmin ildə xoşbəxt bir təsadüf nəticəsində Azərbaycan EA Respublika Əlyazmaları Fonduna Kişvərinin şeirlər divanından ibarət qədim bir əlyazması daxil olur. H.Araslı bu əlyazmasını diqqətlə tədqiq edib elmi bir məqalə yazır və çox doğru olaraq onu “Füzulinin sələflərindən -Kişvəri” adlandırır. Bu yığcam məqalədə H.Araslı Kişvərinin həyat və yaradıcılığı ilə əlaqədar olan bir çox məsələləri faktlarla doğru müəyyənləşdirir, onun Nəvai şeri ilə əlaqəsini, Sultan Yəqub dövründə yaşadığını, Həbibi ilə dostluğunu, poeziyasının kədərli məzmununu və bu məzmunun zamanla, şairin şəxsi həyatındakı acılarla əlaqəsini, sənətkarlıq xüsusiyyətlərini, dilindəki maraqlı cəhətləri və s. elmi şəkildə şərh edir.