İsa Muğannanın yaradıcılığının başlıca xüsusiyyəti folklorla, xalqın bədii təfəkkür prinsipləri, estetik və əxlaqi kateqoriyaları ilə dərin bağlıdır. Yazıçının həyatdakı ziddiyətləri bütün kəskinliyi ilə göstərən "Yanar ürək" romanı özünün ictimai, vətəndaşlıq konsepsiyası ilə, mühüm sosial həqiqətlər barədə söz açmaq cəhdi ilə ədəbiyyatımızın inkişafı üçün çox gərəkli olmuşdur. Bu əsərin mövzusunu müəllif sonralar “İdeal” romanında bir qədər də dərinləşdirmiş, yeni bədii məzmunda zənginləşdirmişdir. Yenidən işlənmiş şəkli ilə yaxın və uzaq keçmişimizdən tarixi hadisələrin, alim və filosoflarımızın vətənpərvərlik çarpışmalarının əks etdirildiyi “İdeal” romanında yazıçı Azərbaycan xalqının ulu tarixi kökləri ilə müasir mənəvi problemlərini vahid süjet xəttində ustalıqla birləşdirmişdir.