Yazıçı Əlibala Hacızadənin bütün əsərlərini əhatə edən X cildliyinin IV cildinə müəllifin «Ayrılığın sonu yoxmuş» romanı daxil edilmişdir.
Ölüm insanı soyundururmuş, ölüm hər şeyin üstündən pərdəni götürürmüş: sən daha vücudunun heç bir əzasını — gözəlliklərini də, əgər varsa, eyiblərini də mürdəşirdən gizləməyə qadir olmadığın kimi, ömrün boyu tutduğun yaxşı-pis əməllərini də kimsədən pünhan saxlamağa qadir olmursan — ancaq ölüm sənin gözlərini öz soyuq və rəhmsiz əlləri ilə qapayandan sonra sənin haqqında gizli-aşkar əsl həqiqətlər meydana çıxır, unudulan, çoxdan olmuş yaxşılıqların, unudulmayan, ancaq dilə gətirilməyən pisliklərin xatırlanır, söylənir; çünki heç kəs daha sabah səninlə üz-üzə gələcəyindən, utanacağından ehtiyat eləmir, kimsə daha səndən qorxmur, çəkinmir. Sənin yoxluq dünyan başlayan andan həyatda necə olmusansa, eləcə də qiymətini alırsan: yaxşı olubsansa, yaxşı, pis olubsansa, pis... Daha o anlarda, günlərdə deyiləndərdə yalan olmaz, riya olmaz, ikiüzlülük olmaz, haqq olar, həqiqət olar. Bəli, əsl haqq söz məhz o anlarda, o günlərdə söylənər sənin barəndə və deyilənlər yaxşıdırsa, sən sevinə bilməzsən, fərəhlənə bilməzsən, qürrələnə bilməzsən; əgər deyilənlər acıdırsa, zəhərdirsə, böhtandırsa, ən məxfi sirrindirsə, sənin adına-sanına ləkə gətirirsə sən qəzəblənə bilməzsən, etiraz eləyə bilməzsən, inkar eləyə bilməzsən, bax, bu, elə deyil, belədir, sən səhv eləyirsən «gör sənin başına nə oyun gətirəcəyəm» — deyə bilməzsən, çünki artıq sən ölmüsən, sən artıq öz taxt-tacından düşmüsən və ölümün sükuta qərq olmuş səltənətində qərar tutmusan. Ölümün dəhşəti də məhz bu lal-kar sükutundadır, sənin sükutundadır, əbədilik sükutundadır!