Yazıçı Əlibala Hacızadənin bütün əsərlərini əhatə edən X cildliyinin VI cildinə müəllifin «Dünyanı tanı» romanı daxil edilmişdir.
— Canım, belə də iş olar? Tanrının qorxusundan yalan danışmaq olmur, bəndənin qorxusundan doğru,— söylədi qoca.
Nəzər müəllimin ağ, pırpız qaşları az qala alnının ortasına qalxdı; sinə dolusu köks ötürüb caçları qar kimi ağarmış başını kədərli-kədərli bulayıb:
— Yox, qoca, — dedi. — Sözünün yarısı ilə razıyam, yarısı ilə
yox.
— Niyə ki?
— Deyirsən, tanrının qorxusundan yalan danışmaq olmur. Bax, bununla razı deyiləm. Bilirsən niyə? Ona görə ki, indi adamların ürəyində tanrı qorxusu qalmayıb, bir zərrə də qalmayıb, kişi. Onun üçün də adamlar o tanrı dediyindən əsla qorxmadan, çəkinmədən hər cür yalan danışırlar. Təkcə yalan danışmaqla kifayətlənmirlər, qoca, hətta utanmadan, qızarmadan, vicdan əzabı çəkmədən yalan da yazırlar, qoca! Amma bəndənin qorxusu! Bax, bunu düz deyirsən. Həqiqətən, bəndənin qorxusundan doğru danışmaq olmur. Əgər kişisənsə, hünərin varsa, bir vicdansızın, bir bürokratın, bir oğrunun-əyrinin gözünün içinə de: «Sən vicdansızsan, bürokratsan, oğrusan, əyrisən» — onda gör iki barmağıyla bax belə — o, sağ əlinin qoşa barmağını açıb irəli uzatdı — sənin gözlərini necə deşərlər. Mənim gözlərimi deşən kimi...
Qoca, Nəzər müəllimin gözlərinə altdan-yuxarı diqqətlə baxdı: yox, gözləri yerindəydi. Ancaq bir az da fəhmlə nəzər yetirəndə gördü ki, o qonur, nurlu gözlərin dərinliyində qəribə, dərin bir kədər yatır.