Xalq ədəbiyyatının zəngin xəzinəsi içərisində nağıllar nadir bir inci kimi parıldayır. Dərin xəyallardan, böyük insan arzularından yaranmış olan gözəl romantikalı bu əsərlərdə insan səadətinə mane olan bütün qara qüvvələrə qalib gəlmək arzusu öz əksini tapmışdır. Xeyrin şərə, işığın zülmətə, yaxşının yamana zəfər çalması və b. şəkillərdə təzahür edən nikbinlik, xoşbəxt gələcəyə inam xalq nağıllarının başlıca ideya-fəlsəfi keyfiyyətlərin-dəndir.
Beşcildli “Azərbaycan nağılları”nm təqdim olunan cildində xalq arasında geniş yayılan, forma və məzmunca dəyişik nağıl nümunələri toplanmışdır. Kitabı vərəqlərkən oxucu istər-istəməz nağıllar aləminə düşəcək, bəşər övladının körpəlik çağından bəri damla-damla topladığı zehni-mənəvi-həyati təcrübə xəzinələriylə, xalqımızın zövqü, düşüncəsi, adət-ənənələri, mübarizlik ruhu ilə tanış olacaqdır.