Yazıçı Əlibala Hacızadənin bütün əsərlərini əhatə edən X cildliyinin X cildinə müəllifin «Fərruxi Yəzdinin poeziyası», «İran romanının tarixi», «Sadiq Hidayət - hekayə ustası kimi» və «Mirzadə Eşqi - vaxtsız söndürülmüş məşəl» monoqrafiyaları, İran ədəbiyyatına dair elmi məqalələri, fars, tacik və pəncab dillərindən etdiyi bədii tərcümələr daxil edilmişdir.
İran xalqlarının milli intibahında, zülmə və əsarətə qarşı mübarizə tarixində görkəmli rol oynayan 1905-1911-ci illər Məşrutə inqilabının derin təsiri nəticəsində İran ictimai həyatının bütün sahələri kimi, çoxəsrli fars şeri də sürətlə canlanmağa, yeni məzmun və mündərəcə kəsb etməyə, xalqın mübarizəsini, arzu və istəyini əks etdirməyə, zamanın təİəblərinə cavab verməyə başladı, ədəbiyyatın, xüsusən şerin mövzu dairəsi xeyli genişləndi. Köhnə feodal qayda-qanunlarına, şah despotizminə, xarici imperialist dövlətlərin soyğunçuluq siyasətinə qarşı aparılan mübarizə poeziyaya da yüksək inqilabi vüsət, günün aktual, siyasi məsələlərini əhatə etmək və vətənpərvərlik motivləri gətirdi. İndi ədəbiyyatın qarşısında cəmiyyətin köhnəliyi rədd edib yeniliyə doğru müvəffəqiyyətli yürüşündə yaxından iştirak etmək və bu yürüşün köməkçisi olmaq kimi məsuliyyətli, həm də şərəfli bir vəzifə dururdu.