Xalq yazıçısı Mirzə İbrahimov Azərbaycanın sovet dövrü ədəbiyyatının beşiyi başında dayanan, onun zənginləşməsi yolunda istedad və əməyini əsirgəməyən, bütün varlığını, duyğu və düşüncəsinin var gücünü insan dühasının nailiyyətlərinə əsaslanaraq bədii təfəkkürün hüdudlarını genişləndirmək, sənətdə yeni yollar açmaq kimi nəcib və mürəkkəb vəzifənin şərəflə yerinə yetirilməsi işinə verən görkəmli sənətkarlarımızdandır. “Seçilmiş əsərləri”nin bu cildində tanınmış ədibimizin, hər biri ayrılıqda özünəməxsus bədii ümumiləşdirmə xüsusiyyətlərinə, fabula və kompozisiya bitkinliyinə malik “Cənub hekayələri” (1946-1947) silsiləsindən bir neçə nümunə, “Həyatdan hekayələr” silsiləsindən ədəbiyyatımızın ən qüvvətli psixoloji hekayələri sırasında olan “Mədinənin ürəyi”, “Metamorfoza” və s., eləcə də “Çandranın üsyanı”, “Fırtına quşu”, “Güləbətin” və “Pərvizin həyatı” povestləri toplanmışdır. Klassiklərimizin ölməz ənənələrini davam və inkişaf etdirərək Azərbaycan səhnəsinə “Həyat”, “Madrid” və “Məhəbbət” kimi orijinal əsərlər bəxş edən Mirzə İbrahimovun dramaturgiyası cilddə “Kəndçi qızı” pyesi ilə təmsil olunur.