Müəllifin “ Gilə “ adlı kitabına daxil edilmiş ikinci povest olan “ Qız qalası “, oxucunu hadisələrin gərginliyində saxlayan, axıcı tempə malik bir hekayətdir.
- Əndişəni anlayıram.
- Yox, anlamırsan. Anlasaydın, bir tədbir görərdin. Yoxsa məni itirə bilərsən. Ayla günəş birləşsə, ulduzlar yerə səpələnsə də, mən heç vaxt onun zövcəsi olmayacam!
İki ensiz pəncərədən birinin tirmə pərdəsi aralıydı. Pəncərədən açılan mənzərəni yarıyacan vücudu ilə örtən gəncin alnı qırışdı, əlini çənəsinə apardı, fikrə daldı. Əynində atlas xalat, başında taftadan ucu şiş çalması vardı. Üfüqdə qurğuşun rəngli intəhasız dənizin boz səma ilə birləşdiyi qırmızımtıl xətt görünürdü. Sahildə, qayalıqların üstündə yarı tikili dairəvi binanın silueti üstündə qağayılar dövrə vururdu.
- Niyə susursan? – qız bir addım gəncə yaxınlaşdı, əlinə toxundu.
- Çarə axtarıram – gənc fikirli halda dedi. Tutaq ki, qaçdıq getdik buralardan.
Əvvəla, Axsitanın əlindən hara qaça bilərik? İkincisi də ki, bəs bu qala necə olacaq?
– başı ilə pəncərəni işarə etdi.
- Bu qalaya da, atama da nifrət edirəm! Bizi ayıran da elə bu qaladır - qız hikkə ilə söyləndi.
- Elə demə! Bu qala olmasa, heç səni tanımaz, sevməzdim, Pərixan.
- Olsun! Mən yenə də səni əsir edən bu qalaya nifrət edirəm! Sən böyük memarsan, Məsud - Pərixan mülayimləşdi, əlini çiyninə qoydu, hələ bundan sonra sənin əsərlərin Məğribdən Məşriqə, Konstantinopoldan Hindistana qədər düzü dünyanı bəzəyəcək. Nəyinə lazımdır bu sınıq-salxaq qala?
- Sənə and verirəm, sus! Bu qalanın bərpası, taleyin mənə ən qiymətli ərmağanıdır. Üç min il yaşayıb, bundan sonra da onu mən yaşadacam – Məsud tutuldu. - Əlbəttə ki, şahın uca etimadı sayəsində.
- Barı, mənim yanımda Axsitanı mədh etmə.
Məsud qızın kinayəli iradını qulaq ardına vurdu:
- Mənim qabar olmuş bu əllərim, ustalarımın qanlı əlləri bu mübarək abidəyə də, şaha da halaldır. Həyatımın ən şərəfli işiylə mükəlləfəmsə, bunu şaha borcluyam.
Məni başa düş.