Anar əsrələri II cild kitabına yazıçının Ağ liman, Beşmərtəbəli evin altıncı mərtəbəsi, Macal roman və povestləri daxil edilmişdir.
AĞ LİMAN
(povest)
GÜNLƏRİN BİR GÜNÜ
—Üç yüz otuz üç!
Heç kəs hay vermədi.
Kassaçı ucadan təkrar etdi:
—333!
Birdən Nemət duman içində dərk elədi ki, deyəsən onu çağırırlar. Yaxasından döşlük kimi asılmış kərpicvarı ağ lövhəyə baxdı: lövhənin üstündəki üç iri rəqəmi aydın gördü və var gücüylə barırdı:
—Mənəm, Namazov Nemət!
Səsi lap yavaşdan çıxdı.
Növbədə dayanmış adamlar ona məzəmmətlə baxırdılar. Susmuşdular. Yorğun, kədərli görkəmləri vardı. Çoxusunun sifəti Nemətə tanış gəlirdi, amma kim olduqlarını təyin edə bilmirdi. Bu adamları harda görüb, haçan?
Səssiz addımlarla kassaya yanaşdı.
—Hara bilet almaq istəyirsiniz?
—Bakıya.
—Hansı qatara? Kislovodsk — Bakı, yoxsa Krasnovodsk — Bakı?
—Kislovodsk — Bakı, — dedi və fikirləşdi ki, yaxşı, bəyəm biz Kislovodskda deyilik?
Kassaçı Səfdər dayı eynəyinin ardından mağmın-mağmın Nemətə baxdı, sonra zəhmlə soruşdu: