Bu kitabda Azərbaycanın xalq şairi Məmməd Arazın bir şair ömrünün müxtəlif dövrlərini əhatə edən əsərlərindən seçmələr toplanmışdır. Canlı müşahidələrin təsiri ilə qəlbin yaddaşına yazılan bu əsərlərin iki təməl daşı var: doğma təbiətə vaqiflik və ana dilinin bütün incəliklərinə bələdlik. Dilin əlvanlığı şirinliyi və oynaqlığından, poetik müşahidələrin dərinliyindən və itiliyindən, bəzən gümrah, bəzən də ağrılı-acılı düşüncələrin, bəzənsə küskün hisslərin vəhdətindən yaranmış bu poeziyanın məhvəri Vətən eşqi, vətəndaşlıq amalı, dünya haqqında həm nikbin, həm nigaran qənaətlərdir.