KitabYurdu » Kitab » Ədəbiyyat » Abbasqulu Ağa Bakıxanov Gülüstani-İrəm


Şeçilmişlər Abbasqulu Ağa Bakıxanov Gülüstani-İrəm

Abbasqulu Ağa Bakıxanov Gülüstani-İrəm PDF
ADI:
Gülüstani-İrəm
REYTİNQ:
  • +72
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
1.45 MB
Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri olan A. Bakıxanov istedadlı alim, filosof və şairdir. O, qiymətli elmi əsərlərilə Yaxın şərq və o cümlədən Azərbaycan elminə çox mühüm yeniliklər gətirmişdir. A. Bakıxanov elmi və fəlsəfi əsərlərində öz vətəninə və xalqına xidmət etmək məqsədini izləmişdir. A. Bakıxanov 1841-ci ildə özünün məşhur «Gülüstani-İrəm» əsərini yazıb qurtarır.
Bu əsər zəngin tarixi mənbələrə istinadən yazılmışdır. - «Gülüstani-İrəm» A. Bakıxanovun tarix elminə baxımını göstərən qısa, dolğun məzmunlu bir müqəddimə ilə başlanır. Burada müəllif keçmiş tarixi dövləri bəşəriyyət üçün zəngin həyat təcrübəsi kimi qiymətləndirir, indiki və gələcək həyatı yaxşı qura bilmək məqsədilə bu təcrübədən istifadə etməyi lazım görür. Müqəddimədə habelə Azərbaycanın və Dağıstanın qısa coğrafi təsviri, bu ölkələrin xalqlarının mənşəyi, dili və dinləri haqqında məlumat verir ki, əsərlə tanış olanlar bu hissəni əsərin ən qiymətli cəhətlərindən biri hesab edirlər. Azərbaycan və Dağıstan xalqlarının tarixini A. Bakıxanov mühüm tarixi hadisələrə əsasən beş dövrə ayırır və buna uyğun olaraq əsərini də beş fəslə bölür.
Birinci fəsildə «Tarixi-təbəri», «Tarixi-Güzidə», «Nizamüt-təvarix» kimi qədim ġərq mənbələrinə əsasən Nuhun tufanı, onun övladları, Yasəf, Yəcuc və Məcuc, skiflər, massagetlər, xəzərlər, Sasani hökmdarlarının Azərbaycandakı hakimiyyəti və sair haqqında məlumat verilir.
İkinci fəsil Azərbaycan və Dağıstanın ərəblər tərəfindən istila olunması, ərəblərin bu ölkələrdə hakimiyyəti, vətənin istiqlaliyyəti uğrunda Babəkin üsyanı kimi məsələlərə həsr olunmuşdur. Lakin Babək üsyanı haqqında verilən məlumat səthidir. Üçüncü fəsil hülakülərin və teymurilərin hakimiyyəti dövrünü işıqlandırır və Şirvanşahlar haqqında məlumat verir. Bu fəsildə, eyni zamanda, ağqoyunlular və qaraqoyunlular haqqında, məşhur alim Xacə Nəsirrəddin Tusinin fəaliyyəti haqqında maraqlı məlumata da rast gəlirik.
Dördüncü fəsil Səfəvi padşahlarının və onların süqutundan sonra taxta çıxan Nadir şah Əfşarın hökmranlıq illərinə həsr edilmişdir. Bu fəsildə Türkiyə və Rusiya qoşunlarının Dağıstan və Azərbaycana hücumları, Təbrizin yaxınlığında gedən məşhur «Çaldıran» döyüşü haqqında zəngin məlumat verir.
Beşinсi fəsil Nadir şahın ölümündən «Gülüstan» sülhünə qədər 60 illik bir dövrü əhatə edir. Bu fəsildə Azərbaycan xalqlarının təşəkkülü və onların qısa tarixi, xanlıqlar arasında gedən aramsız çəkişmələr və ayrı-ayrı xanların siyasi fəaliyyəti, Ağa Məhəmməd Şah Qacarın Azərbaycana hücumu, xanlıqların Rusiya hökuməti tərəfindən istilası təsvir olunur.
«Gülüstani-İrəm» Azərbaycanın məşhur alim və şairləri haqqında qısa məlumat verən və təzkirə xarakteri daşıyan kiçik bir əlavə ilə bitir.
50 ildən artıq bir müddətdə işıq üzü görməyən belə bir qiymətli əsərin yenidən nəşr olunmasında zəhməti olanların əməyi böyük bir təqdirə layiqdir.