KitabYurdu » Kitab » Ədəbiyyat » 10 Hekayə


Şeçilmişlər 10 Hekayə

10 Hekayə PDF
ADI:
10 HEKAYƏ
REYTİNQ:
  • +23
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2019
ÖLÇÜSÜ:
605 Kb

ÜZÜNÜ BAŞ DIŞIMA SÖYKƏ...
(Bu əhvalat Azərbaycan rayonlarından birində olub. Başına gələn hadisəni danışmış adam dünyasını dəyişib)
 Bir-birimizi orta məktəbdən sevirdik. Hər ikimiz yaxşı oxuyurduq, amma sonuncu sinfi qurtaranda mən şəhərə gəldim, onların ailəsi kasıbıdı – o, kənddə anasına köməyə qaldı. Atası çoxdan rəhmətə getmişdi. Biz sərbəstcə görüşürdük. Səhər tezdən vağzala məni ötürməyə gəlmişdi. Qəribədi ki, gözünün yaşı dayanmırdı, elə ağlayırdı ki, ÜZ-GÖZÜNÜ yaddaşım şəkil kimi çəkib götürürdü. Qatarın tərpənməyinə bir-iki dəqiqə qalmış qəfil hıçqırığını saxladı, məni qırağa çəkib dedi: "Bəlkə getməyəsən?" "Nolub?" "Nə bilim, ürəyimə nəsə damıb". Darıxma, dedim, tez-tez gələcəm, üçüncü kursdan sonra səni də aparacam…
 Doğrudan da, semestrləri gözləmirdim, vaxt tapan kimi kəndə qaçırdım, özü də birinci onların qapısına gəlirdim. Hər dəfə də ona bir şey alırdım. Qızarırdı, gülürdü, sevinirdi. Bir dəfə ona yaşıl kofta almışdım. "Üzünü o yana çevir – dedi, – möcüzə görəcəksən… Hə, indi bax". Ona elə yaraşırdı, az qala dəli olacaqdım.
 Münasibətlərimizdə o TƏLƏSİRDİ, hərdənbir "evlənək" deyirdi. Mənsə çox SƏBİRLİYDİM, sözü yayındırırdım. Susub içinə çəkilirdi: "Yaxşı, sən deyən olsun". Bir dəfə avqustda gəlmişdim, kənddə dəhşət istiydi. Ağacın altında oturmuşduq. Nəsə susub heç nə danışmırdı. Qəfil:
 -Neçənci kursdasan? – soruşdu.
 Üçüncünü qurtarmışam, dedim. Ta nə o dindi, nə mən – yəqin o, nəyisə gözlədi, mənsə yenə səbrimi basdım. Vaxt elə bil, saniyələrinəcən hesablanmışdı, onun gözləməsinə mənim səbrim nöqtə qoyanda ağacın bir budağı şaqqıltıyla sınıb yerə əyildi. O, astaca mənə sığınmaq istədi, əlini uzatdı – çatmadı.
 Həmişə kiçik qardaşından narahatıdı, "bircə onu böyütsəydik" deyirdi. Onun bütün sözlərini havadaca tuturdum, amma bu narahatlığının şifrəsini heç cür aça bilmirdim – qayğıdan azad olmaq istəyirdi, evin böyük qızıydı, özünə kömək istəyirdi? Nə bilim, vallah. O vaxtdan qızlardan "böyük qardaşın varmı?" soruşmağı vərdiş eləmişəm.
 Vaxt öz işini görürdü. Ta kəndə seyrək-seyrək baş çəkirdim. Ondan birinci-axırıncı məktubu yazda aldım: "Mayın 15-i toyumdu. Gəlmə. Xoşbəxt olarsan. Sən Allah, gəlmə".
 Getmədim. Kənddən tamam qırıldım. Bir o yadımdadı ki, bir il sonra eşitdim uşaq üstdə ölüb – dünyaya gətirəcəyini də bu dünyaya ust olmadı, özüylə apardı.