XIX əsrdə yaşayıb-yaratmış istedadlı qadın şairəmiz Xurşidbanu Natəvan (Xan qızı) ədəbiyyat və mədəniyyətimizin inkişafında əvəzsiz xidmətlər göstərmişdir. Füzuli poeziyasından bəhrələnən şairin qəzəllərindəki incəlirizm, dərin məzmun, yüksək emosiya onu bir sənatkar kimı zamanın yaddaşından silinməyə qoymamış, Natəvan lirikası öz təravətini saxlamışdır.
Azərbaycan xalqının ədəbiyyatımıza bəxş etdiyi nadir şəxsiyyətlərdən biri də paeziyamızın iftixarı Xurşidbanu Natəvandır. Xurşidbanu Azərbaycan mədəniyyəti tarixində lirik şair və rəssam kimi şöhrət tapmışdır. Nizami, Füzuli və Nəvai kimi nəhəng sənətkarların yüksək poetik ənənəsindən tərbiyə alıb böyüyən Natəvan, ötən yüzillikdə Azərbaycanda yazıb-yaradan qadın şairələrin ən istedadlı nümayəndəsi olmuşdıır. O, yüksək şeir mədəniyyəti, orijinal yaradıcılığı ilə M.F.Axundov, Q.Zakir və S.Ə.Şirvani kimi görkəmli ədəbi simaların nəzər-diqqətini cəlb etmişdir. Klassik irsə dərindən yiyələnən Xurşidbanu Azərbaycan şeirinin gözəl xüsusiyyətlərini ləyaqətlə davam etdirmiş və qüvvətli rübabı ilə poeziyamıza təsir göstərmişdir.