KitabYurdu » Kitab » Ədəbiyyat » Mövlanə Seyid İmadəddin Nəsimi Əbülfəzl İraq divanı


Şeçilmişlər Mövlanə Seyid İmadəddin Nəsimi Əbülfəzl İraq divanı

Mövlanə Seyid İmadəddin Nəsimi Əbülfəzl İraq divanı PDF
ADI:
Mövlanə Seyid İmadəddin Nəsimi Əbülfəzl İraq divanı
REYTİNQ:
  • +34
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
1987
ÖLÇÜSÜ:
1.17 mb
Ədəbi əlaqələr genişləndikcə bir sıra Yaxın Şərq ölkələrində Azərbaycan ədəbi dilinin inkişafında və formalaşmasında müstəsna xidmətləri olan Azərbaycan xalqının qüdrətli sənətkarı Nəsiminin yeni-yenl əlyazma nüsxələri aşkar edilir. Bu, şairin sağlığında və ölümündən sonra onun poeziyasının Şərq ölkələrində yüksək qiymətləndirildiyinə, geniş yayıldığına və böyük rəğbət qazandığına dəlalət edir. Şairin İraq Divan nüsxəsinin üzə çıxarılması dediklərimizə sübutdur. Nəsiminin İraq Divan nüsxəsini bizə Kərkük vilayətinin Tus Xurmatu qəzasının Bəşir kəndində yaşayan, yaşı yüzü keçən, özünü Şah İsmayılın nəvənəticələrindən hesab edən Səyid Heydər töhfə etdi. Divanın üzü Molla Turab ibn Molla Səfil, ibn Molla Əmir tərəfindən köçürülmüşdür. Tünd qəhvəyi rəngli, qalın dəri cildli bu divan nüsxasi 286 səhifədən ibarətdir. Əlyazmanın vərəqləri iki sütunludur. Divanın səhifələrində 14-19 beyt vardır. Ölçüsü 15-21 santimetrdir. Digər nüsxəsində şairin 400-dən artıq şe’ri verilmişdir. 398 şe’r Nəsimi təxəllüsü ilə tamamlanır. Üç şe’r şairin ilk təxəllüslərindən olan Səyyid Nəsimi təxəllüsü ilə bitir. Bu divan nüsxəsində Hüseyni təxəllüsü ilə yazılmış şe’rlərə və rübailərə təsadüf edilmir. Üz qabığının iç tərəfində “Varlıya qürbət də vətəndir, yoxsula vətən də qürbətdir”, -yazılmışdır. Divan Nəsiminin “İştə gör” şe’rilə başlanır və şairin həcmcə böyük bir şe’rilə tamamlanır. Son misralar belədir: 

Cümlənin rizqin verdin, əzəl qism eylədin,
Kiminin yediyi ğəmdir, kiminin yağ ilə bal.
Ey Nəsimi, sən yürütdün töhvidi yer üzünə,
Yenə min əstəğfürülla, əfv qıl, ya zülcəlal.

Divan nüsxəsinin üzünün köçürülmə tarixi və kitab haqqında məlumat axırda verilmişdir: 

Ruzi-şənbə bu kitab oldu tamam, 
Ol Rəsulun ruhuna yüz min salam. 
Kətabə hul-kitab Molla Turab, 
İbn Molla Səfil, ibn Molla Əmin. 1269 (1853-Q. P.) 

Divan nüsxəsi səhifələnməmiş, klassik divan quruluşunda son hərflərə müvafiq düzülmüşdür. Hər səhifədəki son söz o biri səhifədə təkrarən yazılmışdır. “Payisəhifə” (səhifə ayağı) adlanan bu üsuldan vaxtilə geniş istifadə edilmişdir. Bir çox ölkələrdə kitab səhifələrinin nömrələnməsinə XVI əsrdə başlansa da, Şərq ölkələrində köhnə “nömrələmə” üsulu XIX əsrin axırlarına qədər davam etdiyinə görədir ki, Nəsiminin İraq Divan nüsxəsində də bu ənənəyə riayət edilmişdir. Nüsxənin bədii tərtibatı yoxdur. Şe’rlər bir-birindən şairin təxəllüsü olan qoşa misralar və iki sətirlik boş yerlə ayrılır. Bir neçə yerdə ləkə olmasına baxmayaraq, mətn aydın və oxunaqlıdır. Divanın əvvəl və orta vərəqlərindən bir neçəsi cırılmışdır. Bu nüsxəyə şairin yalnız Azərbaycan dilində yazdığı qəzəllər və iki tiyuq daxil edilmişdir: 

Ya rəb, məni sən aləmə sərtac etmə, 
Həm siflələrin tirinə möhtac etmə. 
Ya rəb, mənə bir gəncü qənaət ver kim, 
Namərdə degil, mərdə də möhtac etmə. 


Ya ilahi, kimsə heç ac olmasın, 
Ac olub namərdə möhtac olmasın. 
Bimürüvvət görməsin dövlət üzün, 
Bihəmiyyət sahibi-tac olmasın. 

Bu əvəzsiz xəzinəni İraqa üçüncü səfərim zamanı (1972-1975) iraqlı ədəbiyyatşünas Əbdüllətif Bəndəroğlu ilə əldə etdik və dili Azərbaycan dilindən fərqlənməyən, özünü türkman adlandıran Nəsimi, Füzuli xələflərinin mədəniyyət incisi olan “Yurd” qəzetində bir silsilə məqalə və yazılarla çıxış etdik. “Ürəklərdə yaşayan şair Nəsimi” adlı məqalədə oxuyuruq: “Böyük şairimiz Nəsiminin anadan olmasının 600 illiyi münasibətilə Sovetlər Birliyində (Azərbaycanda) bu ilin əylul (sentyabr) ayında möhtəşəm şənliklər yapılacaqdır. Bu xüsusda Əbdüllətif Bəndəroğlu ilə filologiya elmləri namizədi Qəzənfər Paşayevin Nəsimi haqqında hazırladıqları kitabı avqust ayında çapdan çıxacaqdır. Kitabdan bir parçanı veririk...” (Bağdad, “Yurd” qəzeti, 16 may 1973-cü il).