KİTABA ÖN SÖZ
Hamı elə hesab edir ki, ən çətin çörəyi o qazanır. Və bəri başdan deyək ki, belə düşünənlər çox haqlıdırlar. Çörəyin çətin qazanıldığını kiçik yaşlarından başa düşənlərdən biri də Ağaməli Ədiloğlu olub. Hələ heç 10 yaşı tamam olmayan bu oğlan qardaşı İmamqulu ilə Salyan rayonunun Xalac kəndində naxırçılıq edən atalarına köməyə gedəndə mal-qaranın, xüsusən də xalq arasında zığlıq adlanan kollektor drenaj kanallarını asanlıqla keçib kolxozun taxıl, yonca, pambıq sahələrinə divan tutan camışların dalınca qaçmaqdan ayaqları qabar, döyənək olan, kolxozun tündməcaz, hirsli qarovulçularının qırmancına tuş gələn bu uşaqlar onunla təsəlli tapırdılar ki, heç olmasa, bu əziyyəti ağsaqqal ataları yox, onlar çəkirlər. Naxırçı çörəyi çətin olsa da, çox bərəkətli idi. Ədil kişinin uşaqlarını, xüsusən də yeniyetmə Ağaməlini düzlüyə, halallığa çağırırdı bu çörək. Genlərində saflıq, paklıq və mötədillik matrisaları formalaşdırdı bu çörək.