Klassik Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi Seyid Əzim Şirvani bir müddət Şamaxıda açılmış məktəbdə müəllim olmuşdur. Böyük mütəfəkkirin müəllimlik fəaliyyəti onu yeni səpkidə əsərlər yazmağa sövq etmişdir. Seyid Əzimədək Azərbaycanda açılmış məktəblərdə fars şairi Sədi Şirazinin “Gülüstan” kitabını dərslik kimi keçirdilər. Təəssübkeş şairimiz təhsilimizi milliləşdirmək məqsədilə həmin kitabın müqabilində orta məktəb şagirdləri üçün “Rəbiül-ətfal” (“Uşaqların fəsli”) adlı kitabını yazıb, orta məktəblərə dərslik kimi təqdim etmişdir. Şairin bu cildinə məhz həmin kitabı daxil edilmişdir. Bu kitab milli mövzular əsasında yazılmış son dərəcə yüksək tərbiyəvi əhəmiyyətə malik bir dərs vəsaitidir. Kitab həm də Azərbaycan pedaqogika, dərslikyazma tarixi üçün mühüm əhəmiyyət kəsb edir.