“Molla Nəsrəddin” məktəbinin istedadlı nümayəndəsi kimi meydana çıxan Məmməd Səid Ordubadi Azərbaycanın sovet dövrü ədəbiyyatının klassiklərindən biridir. Uzun, dolğun və mənalı yaradıcılıq yolu keçən ədib bir sıra tarixi romanların müəllifi kimi daha çox şöhrət qazanmışdır. Hadisələrin təsvirində realizm prinsiplərinə hər zaman sadiqlik nümayiş etdirən Ordubadinin oxucularda böyük maraq və həvəs oyadaraq təsəvvürləri genişləndirən bu əsərləri ədəbiyyatımızda tarixi roman janrının inkişafı sahəsində mühüm təşəbbüsdür.Yazıçının tarixi romanlarından sonuncusu olan “Qılınc və qələm”də böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaşadığı dövrün geniş, hərtərəfli mənzərəsi yaradılmışdır. Tarixi sənədliliklə bədii təxəyyülün ustalıqla əlaqələndirildiyi romanın birinci hissəsində iki qəhrəmana daha geniş yer verilmişdir. Bunlardan biri Nizami, digəri isə Fəxrəddindir. Kitabda Nizaminin fikri-bədii təkamülündə rol oynayan şəxsiyyətlərin bədii surətləri də diqqəti cəlb edir.