Xalq yazıçısı İsmayıl Şıxlının istedadlı bir nasir kimi oxucular və ədəbi ictimaiyyət tərəfindən təqdir olunması onun "Ayrılan yollar" (1956) romanı ilə bağlıdır. Azərbaycan kəndində 1941-45-ci illər müharibəsindən sonrakı dövr üçün xarakterik olan dəyişikliklər bu əsərdə öz maraqlı, bədü ifadəsini tapmışdır. Əsərdə dövrün ideoloji çərçivələrindən çıxmaq cəhdləri var.
"Ölən dünyam" isə yaradıcılığının son akkordu kimi yazıçının ömrünün qürub çağı qələmə aldığı əsərdir. Uzun illər ənənəvi nəsr təhkiyəsindən kənara çıxmayan, klassik roman janrının bütün qayda-qanunlarına riayət eləyən müəllif bu əsərdə çərçivələri vurub dağıdır.
Seçilmiş əsərlərinin bu cildinə adları çəkilən romanları ilə yanaşı, yazıçının "Namus qaçağı", "Namərd gülləsi" və "Ölüləri qəbristanda basdırın" hekayələri də daxil edilmişdir.