Kitab Azərbaycanda görkəmli ədib, çox nüfuzlu jurnalist-publisist, böyük ictimai dövlət xadimi, ali təhsilli hüquqşünas, səfir-diplomat kimi tanınan Y.V.Çəmənzəminlinin görüşlərində fəlsəfi və sosial-siyasi məsələlərə həsr olunmuşdur. Müəllif haqsız repressiya məhrumiyyətlərinə məruz qalan şəxsiyyətlər içərisində Yusif Vəziri bugünkü milli müstəqillik işığında xalqa tanıtdırmaq kimi müqəddəs bir borcun öhdəsindən gəlməyə çalışmışdır. Çağdaş dünyamızın mühüm problemlərindən biri olan, milli intibah ideyaları üzərində formalaşan Yusif Vəzirin elmi-nəzəri yaradıcılığına kompleks şəklində yanaşılmış, onun sosial ədalət, milli mətbuat və milli dil kontekstində dövlətçilik və maarifçilik baxışları şərh edilmişdir. Əsaslandırılmışdır ki, Y. V. Çəmənzəminli maarifçilikdən milli müstəqilliyin gerçəkləşməsinə doğru uzun müddətli ideya təkamülü ilə müşaiyət edilən yaradıcı bir yol keçmiş, eyni zamanda o, ictimai-siyasi fikir tarixində ilk dəfə olaraq millətin və xalqın xeyrinə görülən bütün işlərin «milli məsələ» kimi başa düşülməsi qənaətinə gəlmişdir. Kitab fəlsəfə, siyasət, ədəbiyyat məsələlərinin tədqiqi ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.