Bu dərsliyi yazmaqda əsas məqsədimiz ali məktəblərin qeyri-inşaat profilli mühəndis-texnoloq ixtisası üzrə bakalavr səviyyəsində təhsil alan tələbələrinə tikinti işlərinin təşkili, tikinti materialları və onların əsas xassələri, binaların əsas konstruktiv elementləri, inşaat işlərinin texnologiyası, inşaat-quraşdırma işlərinin icrası qaydaları, inşaat konstruksiyalarının quraşdırılması, layihə işlərinin təşkili haqqında ən lazımi məlumatları verməkdir.
Dərslikdə ölkənizdə layihələndirmədə, inşaat işlərinin yerinə yetirilməsində məcburi qaydada tətbiq edilən inşaat normaları və qaydalarının (İN və Q) tələb və göstərişləri öz əksini tapmışdır.
Biz hesab edirik ki, dərsliyin ali məktəblərin tələbələri ilə yanaşı, hazırda yüngül sənaye, yeyinti sənayesi, ictimai iaşə və s. sahələrdə çalışan mühəndis-texnoloqlar üçün də əhəmiyyətli rolu olacaqdır.