İqtisad elmləri namizədi, dosent Müşfiq Köçəri oğlu Ramazanovun “İnformasiya sistemləri menecmenti” dərsliyi fənnin əsas nəzəri və praktiki istiqamətlərinin öyrənilməsinə həsr edilmişdir. Dərslikdə informasiya sistemləri menecmenti elminin öyrəndiyi və hazırda ölkəmizdə informasiya cəmiyyətinin, texnologiyalarının inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən sahələr geniş əhatə olunmuşdur. Dərsliyə daxil edilmiş mövzular müasir dövrün tələbləri, praktiki əhəmiyyəti nəzərə alınmaqla şərh edilmişdir. Dərslik Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının kursant və dinləyiciləri üçün nəzərdə tutulmuşdur. Dərslikdən respublikanın digər ali təhsil müəssisələrinin tələbə və müəllimləri, eləcə də bu sahədə çalışan elmi işçilər və mütəxəssislər istifadə edə bilərlər.
Liberal iqtisadi sistemdə müəssisələrin qarşısında duran ən mühüm vəzifələrdən biri menecmentin düzgün və məqsədəuyğun həyata keçirilməsidir. Müasir iqtisadi inkişaf tendensiyası və sağlam rəqabət mühitində müəssisədə menecmentin mütərəqqi forma və metodlarının tətbiq edilmə- si onun dünya bazarına çıxması və daha səmərəli inteqrasiyası üçün daha geniş imkanlar yaradır. Bunun üçün menecment elminin dərindən mənimsənilməsi və öz təyinatı üzrə düzgün tətbiq edilməsi günümüzün tələbidir. Qeyd edilən münasibətlər iqtisadi inkişafın hərəkətverici amili olmaqla bərabər, eyni zamanda təsərrüfat subyektlərində yüksək texnologiyaların reallaşdırılmasında vacib amil kimi çıxış edir. Ona görə də müasir dövrdə informasiya sistemləri menecmentinin mahiyyəti və məzmunu ilə yanaşı, bu sahənin biznes subyektlərinə təsir xüsusiyyətlərini, onların tənzimləyici və stimullaşdırıcı xarakterini, eyni zamanda bu münasibətlərin informasiya texnologiyalarının inkişafına təsirini öyrənmək zəruridir. İnformasiya cəmiyyətinə və dünya iqtisadiyyatına surətli inteqrasiya dövründə təhsil alanların informasiya sistemləri menecmenti sahəsində yüksək nəzəri biliklərə yiyələnməsi ölkənin sosial-iqtisadi və informasiya kommunikasiya texnologiyaları sahəsində mövcud olan obyektiv prosesləri, qanunauyğunluqları, menecment sahəsində yeni istiqamətlərin mahiyyətini dərindən öyrənməyə və zəruri tədbirlərin görülməsinə real kömək edir. Eyni zamanda azad rəqabət şəraitində biznes subyektlərinin səmərəli idarə edilməsi, yüksək texnologiyaların tətbiqi istiqamətində düzgün investisiya və innovasiya siyasətinin reallaşdırılması, qloballaşan dünyada informasiya təhlükəsizliyinin təmin olunması, bank, rabitə və maliyyə şirkətlərinin yüksək texnologiyalarla təmin olunması, informasiya sistemində idarəetmə və təşkilati strukturun formalaşdırılması, informasiya resurslarının səmərəliliyinin qiymətləndirilməsi olduqca vacibdir və bunun həyata keçirilməsi kifayət qədər yüksək idarəetmə bacarığına malik mütə- xəssislərin hazırlanmasını zəruri edir.