Ali məktəb tələbələri üçün nəzərdə tutulmuş bu tədrismetodiki vəsait Visual C# dilinə aid laboratoriya işlərindən ibarətdir. Əhatə edilmiş materiallar tələbələrə tədris prosesində Visual C# dilinin konsol əlavələrinin yaradılması üçün zəruri olan əsas konstruksiyaların öyrənilməsinə imkan verir. Bütün laboratoriya işləri onların yerinə yetirilməsi üçün minimal nəzəri materiallarla və çoxlu praktiki misallarla müşayiət olunmuşdur.
İqtisadiyyatın bütün sahələrində informasiya texnologiyalarının və kompüter modelləşdirməsi vasitələrinin daha geniş istifadə edilməsi tendensiyaları proqramlaşdırma və informatika sahəsi üzrə ali məktəb tələbələrinin hazırlıq səviyyəsinə yeni tələblər qoyur. Tələbələrdə bu fənlər üzrə kifayət qədər nəzəri və praktiki bazanın yaradılması gələcəkdə qarşıya çıxacaq aktual istehsalat məsələlərini minimal vaxt sərf etməklə həll etməyə imkan verir. Bu zaman informasiya texnologiyaları, kompüter elmləri, telekommunikasiya şəbəkələri və informasiya təhlükəsizliyi, texnoloji komplekslər və xüsusi texnika, avtomatlaşdırılmış layihələndirmə sistemləri, və s. kimi sahələr üzrə gələcək mütəxəssislərin hazırlığına xüsusi diqqət yetirilməlidir. Bu ixtisaslar üzrə tələbələrin baza hazırlığına tələblər digərləri ilə müqayisədə daha yüksək olmalıdır. Təqdim olunan tədrismetodiki vəsait hazırda elmi və tətbiqi məsələlərin proqramlaşdırılmasında ən çox istifadə olunan Visual C# dilinin konsol əlavələrinin yaradılması üçün zəruri olan əsas konstruksiyaların öyrənilməsinə imkan verir. Bu vəsait AzTU-nun bütün ixtisaslarında tədris edilən “İnformatika” fənni, “Kompüter elmləri” ixtisasında tədris edilən “Alqoritmik dillər”, “Müasir proqramlaşdırma dilləri”, Proqramlaşdırmanın əsasları” fənlərinin və “İnformasiya texnologiyaları” və “Sistem mühəndisliyi” ixtisaslarında tədris edilən “Proqramlaşdırmaya giriş”, “Kompüter proqramlaşdırmasının elementləri”, “Obyektyönlü proqramlaşdırma” fənlərinin laboratoriya məşğələlərinin yerinə yetirilməsində istifadə edilmək üçün nəzərdə tutulmuşdur. Bütün laboratoriya işləri minimal zəruri nəzəri materiallarla və həll edilmiş çoxlu misallarla müşayiət edilmişdir. Misallar Microsoft Visual Studio Community 2017 mühitində yerinə yetirilmişdir.
Kitab haqqında rəy və təkliflərinizi, iradlarınızı bu ünvana göndərə bilərsiniz:. Bakı ş. H.Cavid prospekti. AzTU, “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrası.