Kitabda kolloid kimyanın nəzəri məsələləri, praktiki işlər, onların yerinə yetirilməsi qaydaları verilmişdir. Dərs vəsaiti universitetlərin kimya və kimya texnologiya ixtisasları üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Dərs vəsaitindən elmi-təqdiqat institutlarında müvafiq istiqamətdə tədqiqat işləri aparan elmi işçilər, magistrant və doktorantlar da yararlana bilərlər.
Kolloid kimya sərbəst bir elm kimi kimyaçılar tərəfindən qəbul edilir, elm və texnikada geniş istifadə olunur. Kolloid kimya sahəsində İtaliya alimi Françesko Selminin və ingilis alimi Tomas Qremin gördüyü işləri xüsusilə qeyd etmək lazımdır. Təqdim olunan dərs vəsaiti kolloid kimyanın müxtəlif sahələrini əhatə edir. Bu dərs vəsaitində kolloid kimyanın əsas nəzəri məsələləri şərh olunmuş və həmin bölmələrə aid praktiki işlər verilmişdir. Vəsait laboratoriya işlərinə həsr olunmuş və işlərin yerinə yetirilməsi haqqında məlumat verilmişdir. Hər bir fəsil müəyyən qədər nəzəri materiallarla əhatə olunmuşdur. Bu nəzəri materiallar laboratoriya işlərini yerinə yetirməyə, seminar, kollokvium və imtahanlara hazırlıq mərhələsində tələbələrə kömək olur. Praktikumun əsas məqsədi tələbələri kursun nəzəri əsasları ilə tanış etməkdən, onlara təcrübə işlərini sərbəst aparmaq vərdişləri aşılamaqdan, praktika ilə nəzəriyyənin əlaqəsinin göstərməkdən ibarətdir. Bu məqsədlə laboratoriya işləri fəsillər üzrə verilmiş və hər fəslin əvvəlində nəzəri bilikləri daha da möhkəmləndirmək üçün fiziki və kolloid kimyanın nəzəri əsasları qısa şəkildə şərh olunmuşdur. Bu dərs vəsaiti universitetlərin kimya fakültələrinin bakalavr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Həmçinin magistrantlar, aspirantlar, müəllimlər üçün də faydalı ola bilər. Eyni zamanda kolloidal kimyanın eksperimental üsulları ilə maraqlanan daha geniş kütlə üçün də mühüm əhəmiyyət daşıya bilər. Dərs vəsaiti, şübhəsiz ki, nöqsanlardan azad deyildir. Bununla əlaqədar oxucuların irad və təklifləri müəlliflər tərəfindən minnətdarlıqla qəbul ediləcəkdir.