Bu kitab müəllifin şəxsi həyatının iki ilini və həmin illər ərzində yaddaş süzgəcindən keçirdiyi xa tirələri əks etdirir. Kitab bədii əsər kimi qələmə alın sa da, əslində, sənədli də sayıla bilər. Çünki buradakı obrazların, demək olar ki, hamısı gerçək şəxslərdir və olaylar da uydurma deyil. İstər müəl lifin yaşantıları ilə tanışlıq, istərsə də əsa sən 1980-1988-ci illər arası dövrü əhatə etməsi baxımın dan kitab oxucular üçün maraqlı ola bilər.
Neçə illər idi ki, bir zamanlar şəxsən yaşadığım olayları, insanlarımız üçün maraqlı ola biləcək, həm də müəyyən qədər tarixi əhəmiyyət kəsb edən keçmişin bir kəsimini qələmə almaq haqqında düşünürdüm. Əsas məqsədim sadəcə unudulmaqda olan, əslində isə unudulmaması lazım olan yaşantılarımı bir növ sənədləşdirmək idi. Ona görə də yazmağa başlayanda olub keçənlər, öz həyatımın gerçək kəsimləri su kimi gözümün önündən axmağa başladı. Yazdıqca yazdım və yalnız onda ayıldım ki, kiçik bir xatirə kimi qələmə alacağım əsər yetərincə həcmli bir romana çevrilməkdədir. Hətta bir ara onu tam olaraq bədiiləşdirib roman kimi dərc etmək də keçdi könlümdən. Ancaq sonra düşündüm ki, buna heç gərək yoxdur. Çünki istər özüm, istərsə də bir başqasının həyatını qələmə alsaq gerçək bir roman mütləq ortaya çıxacaq. O, baxımdan bu kitabı memuar- roman kimi qələmə aldım.
Bu bir memuardır. Çünki mənim yaşam xatirələrimdən ibarətdir.
Bu həm də bir romandır. Ona görə ki, eyni zamanda mənim həyatımın bəlli bir dönəmini bədii janr qədər əhatəli, səlis, ardıcıl bir şəkildə təsvir edir. Bu, mənim romanımdır, həyat romanım. Heç də iddia etmirəm ki, məşhur romançıların əsərləri ilə bir sıraya qoyulacaq kitabdır. Əlbəttə ki, bu qədər iddia etməyim yanlış olardı. Ancaq ona iddia edirəm ki, bu kitab bu mövzuda yazılmış bir əsər olaraq ilkdir və çox gərəklidir. Bu, Azərbaycan gerçəkliyinin, bir Azərbaycan gəncinin qısa da olsa həyat gerçəkləri olmaqla bərabər əhatə etdiyi tarixi dönəmin bəlli bir kəsiminə işıq tutacaq əsərdir. Bu kitab həm öləziməkdə olan, həm də son illərini yaşayan Sovet Sosialist Respublikaları İttifaqının son çırpıntılarına işıq tuta biləcək məqamlar baxımından gərəklidir. Kitab, özünü gələcəyin kommunisti kimi görən gənc bir komsomolçunun cəmi iki il sonra həmin kommunizmdən imtina etməsinə gətirib çıxaran bir xarakterin açılması baxımından da dəyərli sayıla bilər. Əlbəttə ki, bütün bu fikirlər bir yazar olaraq şəxsimə aiddir və bəlkə də oxucular mənimlə razılaşmayacaqlar. Hər halda, kitab oxunduqdan və onun haqqında oxucu rəyləri alındıqdan sonra nə qədər haqlı olduğumu müəyyən edə bilərəm.