Yusif Səmədoğlu Qətl Günü Gözümün ağı-qarası iki qızıma - Mehribana və Humaya Yolun haradır, qardaş! - Son mənzilədir, bacım. (Bir xəstənin qulağına gələn səslərdən)
Dərd də azar kimi gələndə batmanla gəlir.
Hələ ulduzlar təkəmseyrəkdi - boz səmada bozumtul işıq vardı, gah öləziyirdi, elə bil, sönmək istəyirdi, gah da par-par parıldamağa başlayırdı. Külək hələ əsmirdi, hərdən qoşa vələsin kəlləsində ləpədöyənin səsinə bənzər bir səs qopurdu, deyirdin, yaxınlıqda dəniz var, amma bu səsdən adam diksinirdi. Burada kim vardısa, bilirdi ki, çox-çox uzaqlarda, hardasa dünyanın o başında bir külək yatağından baş qaldırır, Baba Kahanın zülmətində gərnəşir, ordan çıxıb, ağır-ağır, sürünə-sürünə, batman ləngəri ilə torpaqda dərin şırımlar açırdı, daş-qayanın gövdəsində uğultu sala-sala bu başıbəlalı dünyaya meydan oxumağa hazırlaşırdı. Burada kim vardısa, hələ çox-çox uzaqlarda həmləyə hazırlaşan küləyin qarğışını eşidirdi: ay ikiayaqlı bəndələr, kökünüz kəsilsin sizin!
İnformasiyaMüəllif hüquqları ilə əlaqədar olaraq materialın yükləmə e-keçidi saytdan silinmişdir.