MÜQƏDDƏS DUYĞULARIN SORAĞINDA
Müasir texnikanın kosmik sürətlə inkişaf etdiyi əsrdə yaşayırıq. Amansız və zamansız müharibələrin tüğyan etdiyi, viran qoyduğu, insan ölümlərinin ucuzlaşdığı, baş alıb getdiyi bir dövrə çatmışıq. Dəyərlərimizi və dəyərlilərimizi itirmək də sanki getdikcə adiləşir. Böyük anlam olan İnsanlıq dərin, xilası mümkün olmayan, bir daha geriyə dönə bilməyəcək bir uçuruma anbaan yaxınlaşmaqdadır. Yoxluğa – məhvə gedən dünyamızı kimlər və necə xilas edəcək? Və ümumiyyətlə, buna ümidimiz nə qədərdir?
Müharibə dedikdə, gözlərimiz önündə dağıdılmış, xaraba qalmış şəhərlər, göz yaşları, əzablar, işgəncələr, ölüm canlanır. Bəşər övladının əlindən hər şeyi alan müharibə belə yalnız bir güc qarşısında daim aciz qalıb. Sevgini sağ qalanın ürəyindən silməyə, ölənin sevgisini özüylə bərabər aparmağa mane ola bilməyib. Çünki məhəbbətin, sevginin gücü əlçatmazdır – İlahi qüvvədir.
Bəli, dünyanın və İnsanlığın yeganə xilaskarı müqəddəs, ilahi qüvvə olan sevgidir. Sevgini hər kəs öz anladığı kimi dəyərləndirir: – Kimisi adi, ani və ötəri hiss kimi, kimisi hissiyyatın dili, sevənlərin vüsala qovuşduğu andan məhəbbətin yox olması, bəzən də şəhvət hissinin mənbəyi kimi yozur. Deməli, həyəcan təbili çalmağın vaxtı çatıb. Müharibələrin məhv edə bilmədiyi müqəddəs və ali hisslər elə beşiyindəcə boğulur, ölür. Belə olan surətdə əgər şam işığı qədər ümid yeri varsa, o zaman bütün gözəlliklərin, duyğuların, İnsanlığın xilasına inanmaq olar.
Son zamanlar nəşr olunmuş bəzi bədii əsərlərin əksəriyyətində (istər yaşlı, istər gənc müəlliflərin) müqəddəs hiss olan sevgi-məhəbbət olduqca bayağı, süni, parnoqrafik səhnələrlə təsvir olunur. Oxucuda belə fikir formalaşır ki, guya sevgi qarşılıqlı məhəbbətdə dəyəri olan, ancaq qurşaqdanaşağı hisslərə xidmət edən bir vasitədir. Belə «yazarları» müqəddəs duyğuları hələ qönçə olan gənclər də, əsrlərin sınağından çıxmış, hər aşiq olana örnək ola biləcək tarixi qəhrəmanlar da zərrəcə maraqlandırmır. Onlar sevgi adlandırdığı, bədiilikdən tamam xali olan, açıq-saçıq, intim münasibətləri iyrənc şəkildə ön plana çəkməklə daha çox oxucu toplamaq, populyarlaşmaq istəyənlərdir. Təəssüf ki, ədəbiyyatımızda gözəl tərənnüm edilən məhəbbət əsərlərinə parodiya sayıla biləcək belə yazılar gündən-günə çoxalmaqdadır. Maraqla oxuduğum «Ləman» povestində isə tam əksinə, məhəbbətin ülviliyi, gözəlliyi müəllif tərəfindən incəliklə, həssaslıqla qələmə alınıb.
Gənc yazar Tural Sahab ali təhsilini Bakı Dövlət Universitetində başa vurub, ixtisasca filoloqdur. Hazırda Gədəbəyin ucqar kəndlərindən biri olan ____ kəndində müəllim işləyir. Turalın hekayələri vaxtaşırı müxtəlif qəzet və jurnallarda dərc olunur. 2016-cı ildə «Onun adı Elyanora deyil» hekayələr kitabı nəşr olunub. Bu dəfə «Ləman» povesti ilə yenidən oxucuların görüşünə gəlib. Saf, müqəddəs hisslərə köklənmiş bu povest maraqlı süjet xətti, obrazların səmimi və inandırıcı təsviri ilə oxucunun diqqətini çəkir və yazıçının təqdim etmək istədiyi hər şeyi oxucu olduğu kimi qavraya bilir.
Əsərin qəhrəmanı Ləmandır. Həyatın sınaqlarından hər zaman qələbə ilə çıxan Ləman gözlənilmədən ağır, sağalmaz dərdə – xərçəngə mübtəla olur. Həmişə onu çox sevən əri Bəxtiyarın birdən-birə üzü dönür və onu xəstə halında tək qoyur. Ləmanın iztirabı birə yüz artır, ərinin bu dönüklüyünə dözə bilmir, ölmək istəyir. Yaşadığı şəhərlə sonuncu dəfə vidalaşmaq üçün evdən çıxır. Bu zaman Fərhadla rastlaşır. Fərhadın yüksək insani keyfiyyətləri onu yenidən həyata bağlayır: «Onu gördükdən sonra ölmək fikrini unutdum. Qərar vermişdim, nə olursa-olsun, savaşacaqdım sonuna qədər: – həm xəstəliklə, həm də ailəmin dağılması nəticəsində ruhumda açılan yaralarla. Ölüm Fərhadın gözlərindən daha gözəl deyildi…».
Yazıçı Fərhad obrazı ilə sübut etməyə çalışır ki, bəli, insanlıq hələ ölməyib, diridir, yaşayır. Ali, müqəddəs hisslər var və olacaq. Fərhadın saflığı, müqəddəs hissləri sayəsində Ləman ölümlə çarpışır və bütün duyduqlarını qələmə alaraq bir roman yazır.
Fərhad əxlaqı, mərdliyi, həssaslığı ilə başqa bir qadını – Mariyanı çirkabdan çıxarır, əxlaqsızlıqdan, sonu fəlakətə söykənən, hər addımı ilə ölümə tərəf gedən yoldan uzaqlaşdırır. Nəticədə, Mariya Fərhada yaxınlaşdıqca, onun iç dünyasını tanıdıqca özü də təmizlənir, gənc oğlanın gözəl xüsusiyyətlərindən ibrət dərsi alır.
Gənclərimizə məhəbbətin böyüklüyünü, ölməzliyini aşılayan povestdə yaşadığımız cəmiyyətdəki aktual problemlər də öz əksini tapır. Gənclərin bütün dünyanı bürüyən «Ağ ölümlə» dostlaşaraq həyatlarını qaraltması, təhsildən yayınan, İnternet vasitəsilə tanış olduqları oğlanların tələsinə düşərək faciəli sonluqla üzləşən qızların həyatı maraqlı səhnələrlə təsvir olunub.
Kitablara, mütaliəyə olan həvəsin az qala yox olmaq təhlükəsi də günümüzün aktual problemlərindəndir. Gənc müəllifin bu sahədə olan boşluğu doldurmağa cəhd etməsi təqdirəlayiqdir. Maraqlıdır ki, müəllifin qələmə aldığı obrazların əksəriyyəti tariximizi, milli dəyərlərimizi sevə-sevə öyrənən gənclərdir. Küçələrdə veyillənib təhsildən yayınan, meşşan həyat sürən Mariya da artıq dərsdən sonra boş vaxtını kitab mağazasında keçirir: «…Özüm də boş dayanmır, müştəri olmayanda oxuyurdum, eyni ilə Fərhadım kimi. Bu günlərdə Xalid Hüseyninin «Min möhtəşəm Günəş» əsərini oxuyub bitirdim. Orada Nizami Gəncəvi və Saib Təbrizidən sevgi ilə bəhs edildiyini görüb çox sevindim, ancaq əsərin sonunda müəllif Saib Təbrizini fars şairi kimi göstərir. Buna da mən çox pis odum. Əlbəttə, burada yalnız Hüseynini günahlandırmaq düzgün olmazdı. Günah bizdədir ki, öz şairimizi qoruyub, sahiblənə bilməmişik, eyni ilə torpaqlarımızı qoruya bilmədiyimiz kimi…». Və yaxud: «Həqiqətən də, nə yaxşı ki, kitablar var. Nə zaman dünya dənizində yolumu azsam, dumana-çənə düşsəm, sığınacağım liman olurdu oxuduğum kitablar…». Mariyanın dili ilə verilən bu sözlər gənclərdə kitaba, mütaliəyə həvəs aşılayır. Bu isə, eyni zamanda vətənpərvərliyə çağırışın bir formasıdır və müəllif buna da ustalıqla güzgü tutur.
Əsərdəki maraqlı, müsbət obrazlardan biri də Bəxtiyarın tələbə yoldaşı Beytullahdır. Həm fiziki, həm mənəvi cəhətdən zəif olan Bəxtiyar dostunun köməyi ilə kamilləşir: «Bu həyat bir dərgah, bir məktəbdi, başımıza gələn hadisələr də müəllimlərimiz. Acılarla, əzablarla bişirik. Yoxsa çiy-çiy kimə aşiq deyilər, kimə insan deyilər ki… Aşiq olmaq üçün öncə insan olmaq lazımdı Bəxtiyar. İnsan olmayan birindən aşiq-filan olmaz. Eşq təmiz olduğu üçün kirli qəlblərdə yuva qura bilmir. Təmiz qəlbin sahibi acı çəksə də, əzablarla qovrulsa da, nəticədə bişir, tamamlanır. Vay yarımçıq qalanların, bütövləşmədən köçənlərin halına…».
Hər iki gənc – Fərhad da, Beytullah da mənəviyyatca zəngindirlər. Böyük hind filosofu və müdriki Budda demişdi: «Alov metalları birləşdirir, məqsəd birliyi heyvanları və quşları, qorxu və tamah axmaqları, bircə baxış isə ləyaqətliləri birləşdirmək üçün kifayətdir». Fərhadla Beytullahın dostlaşdığı insanlar da özləri kimi saf qəlbli, həssasdırlar. Bir-birini ilk baxışdan anlayanlarda həmişə ruhi dinclik bərqərar olur. Elə bir dinclik ki, insanın qəlbi gözəl, zərif duyğularla dolub-daşır, daxilində mənəvi toxluq yaranır. Belə olanda bütün dünya malı, çəkdiyi əzablar, yaşadığı acılar da adiləşir. İnsan özü öz gözündə kiçildikcə, Tanrıya bir o qədər yaxınlaşır, ilahi gözəlliklərə qərq olur. İnsanlara münasibəti, davranışı xeyirxahlıqlarla zənginləşir, ölümə belə qalib gəlir.
Cərrahiyyə əməliyyatına gedərkən Ləman yolüstü məscidə gedir və dua edir ki, əgər ölüm gələcəksə, elə sevdiyi Fərhadın görkəmində gəlsin və canını alsın. Ölümü anbaan yaxınlaşan Ləman çox zaman qorxur, ancaq onun inandığı, güvəndiyi bir yer bu qorxunu onun canından çıxarır: «Bəzən məni qorxu bürüyür – ölüm qorxusu. Təkbaşına, soyuq, qaranlıq məzarda çürüyəcəyini düşünmək kimin qəlbinə qorxu salmaz ki… Ancaq mən məzarda yox, sevdiyimin ürəyində olacam…».
Povestdə təsvir olunan hadisələrdə təbiət təsvirləri də, obrazların danışığı da bədiiliyi ilə seçilir. Bu povesti təhlil etmək fikrindən uzağam. Söz də, fikir də oxucunundur. Bu yazıda sadəcə, gənc yazıçının İnsanlıq və həyat haqqındakı müdrik düşüncələrinə güzgü tutmağa çalışdım. Əsər boyu bir məqsədə daha çox üstünlük verilib: – Şüşədən də nazik olan insan ürəyi ilə oynamaq olmaz, günahdır. Çətində, darda olana kömək əlini uzatmasan, dünya məhv olar. Müqəddəs hisslər, vicdan deyilən bir şey var ki, ondan qaçmaq olmur. Əgər haqsızsansa, heç kim duymadan vicdan sənin öz ürəyindəcə sənə ən ali məhkəməsini quracaq və sənin iç dünyanı ölümə məhkum edəcək. «Yamanlığa yaxşılıq» hissi hər kəsdə olmasa da, yazıçı bu gözəl və ali duyğunun hamıda olmasını, həyatın çətin anlarında kiməsə əl uzadaraq: «qorxma, yanındayam» deməsini arzulayır və təlqin edir.
Sözlərimi Qədim Yunan filosofu Sokratın fikri ilə tamamlamaq istəyirəm: «Adamlar o qədər əlləşirlər ki, daşı yonub adama oxşatsınlar. Amma fikirləşmirlər ki, özləri daşa oxşamasınlar». Bəli, xeyirxahlıq gözəl nemətdir, qara buludların altından qəfil çıxan Günəşə bənzəyir. Tural Sahab gəncdir, amma insanların iç dünyasına enmək, hisslərini çözmək, psixoloji məqamları ustalıqla qələmə almaqla əks etdirmək qabiliyyəti danılmazdır.
Gənc, istedadlı yazıçı Tural Sahaba daha böyük yaradıcılıq uğurları arzulayıram.
ÜMBÜLBANU,
Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər
Birliklərinin üzvü, yazıçı-publisist,
«Qızıl qələm» mükafatı laureatı