Kitab kapitalizm cəmiyyətinin eybəcərlikləri, mənəviyyatsızlıq, pula hərislik, insan azadlığının boğulduğu, psixi və mənəvi zorakılıq, insanın kölə hala salındığı – içərisində öz mənəvi saflığını saxlayan Senti adlı bir gəncin Seara adlı kübar qıza bəslədiyi ülvi məhəbbətdən, bu məhəbbətin onların hər ikisini xoşbəxt etməsindən, Frida adlı bir (azərbaycanlı) qızın Sentinin xoşbəxt olması üçün öz sevgisini gizli saxlamasından, onun necə yüksək mənəviyyat sahibi olmasından söz açır. Kitabın əsas süjet xəttindən qırmızı zolaqla keçən hadisələr o qədər ustalıqla, o qədər bədii-fəlsəfi boyalarla işlənib ki, əsəri hissiz-həyəcansız, həyatın eniş-yoxuşları haqqında düşünmədən oxuya bilmirsən. Sevmək, sevilmək təkcə ehtirasların coşması, cilovlanması deyil, həm də istənilən cəmiyyətdə yaşamaq, ölmək vasitəsidir. İstənilən yaradılışın sonu ölümdür. Ancaq necə? Bax bu suala cavab tapmaq üçün Əlisalam müəllimin kitabını oxumağa dəyər. Oxuyun, zövq alın… Oxuyun, düşünün… Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.
Paris şəhəri. Həyat sönməzliyini öz qaynarlığı ilə burada da qorumağa çalışır. Günəşin qürub şəfəqlərini öz üzərində əks etdirən Paris şəhəri göz oxşayan görünüşü ilə elə bil ki, dünya şəhərlərinin içərisində ən yaxşılardan biri olduğunu sübut etmək istəyir. Möhtəşəm kilsələr, ağ sütunlu böyük teatr binası, qraflar və qrafinyalar üçün ən gözəl əyləncə məskəninə çevrilmiş parklar şəhəri daha da təravətləndirir. Paris gözəldir. Bəli, Paris onu seyr etməyə gələn hər hansı bir səyyahı zahiri təmtərağı ilə valeh edə bilər. Doğrudan da, Parisin bu zahiri gözəlliyi tərifəlayiqdir. Lakin bu gözəllik, bayaq dediyimiz kimi, şəhərin zahirini əks etdirir. Şəhərin daxilindəki – cəmiyyətdəki eybəcərliyi isə, sözlə ifadə etmək çətindir. Bu eybəcərliyi təsəvvür etmək üçün bircə onu demək kifayətdir ki, Paris şəhəri zahirən nə qədər gözəl görünürsə, Paris cəmiyyəti də daxilən o qədər çirkindir. Birdə onu qeyd etmək lazımdır ki, bu şəhərin daxili eybəcərliyini yaradan bünövrə dünyanın bir çox xalqlarını da öz cəngində saxlayır. Lakin cəmiyyətdə nə qədər çirkinlik, eybəcərlik hələ yaşasa da namus, vəfa, vicdan kimi sözlər yalnız bir məfhum kimi işlənmir. İstismarçı cəmiyyətin çirkinliyini bir ovuc şəxsiyyətlər öz əməlləri ilə dünyaya bəlli etsələr də haqq, ədalət tərəfdarlarının da olduğunu etiraf etməyə məcburdurlar. Ümumiyyətlə, burada – Paris cəmiyyətində kapitalizmin feodalizm üzərində yeni-yeni hökm etdiyi bir şəraitdə baş verən hadisələr təsvir olunur.