Əsərin əsas qəhrəmanı Sara hüquq fakültəsinin tələbəsidir. Atası Mehman Səfərli ağır cinayətlər məhkəməsinin hakim işləyir. Dörd nəfərlik mehriban ailə düzənli həyat sürür.
Həssas mövzularda müxtəlif ictimai debatlara qatıldıqdan sonra Saranın baxışlarında köklü dəyişiklik baş verir. Bu müzakirələr ona cəmiyyətdə oturuşmuş bir çox vərdişlərin, adət və ənənələrin, o cümlədən ailə münasibətlərində milli-mənəvi dəyərlər kimi təqdim olunan buxovların toplumun inkişafına necə əngələ çevrildiyini görməyə imkan verir. Və Sara öz çevrəsində onlara qarşı çıxmağa başlayır.
Bu arada onun dindar tələbə yoldaşı Fərəcin atası Bəşir Çərkəzli hicab qadağası əleyhinə dinc toplantıda iştirakına görə həbs olunur və yeddi il müddətinə azadlıqdan məhrum edilir. Həmin işdəki hakimlərdən birinin öz atası olduğunu biləndə Sara sarsılır. Buna qədər o, çox sevdiyi atasını həm də ədalətli hakim bilir və onunla fəxr edirdi.
Sara qanunsuz hökmə etiraz və saxta ittihamlarla həbsə atılan dindarlara dəstək olaraq hicab taxmağa başlayır və onların müdafiəsi ilə bağlı proseslərə qatılır. Dinc toplantıda iştirak edən dindarları ağır cəzaya məhkum edən atası ilə açıq söhbətdə onu belə ədalətsiz qərar verməyə sövq edən səbəbləri aydınlaşdırmağa çalışır. Eşitdiklərindən dəhşətə gələn Sara emosional gərginlik halında atasının üzünə sərt ittihamlar səsləndirir. Bu söhbətdən sonra hakim dəhşətli sarsıntı keçirir və vəzifəsindən istefa vermək qərarına gəlir...