Romanda insanların həyat uğrunda mübarizəsi, canavar təbiətinin bilmədiyimiz tərəfləri əks olunub. Müəllif bu iki canlının olum- ölüm savaşında insan oğlunun daxili təbəddülatlarına, olumdan ölümə doğru atdığı bütün addımlarda tərəddüd etməsinə diqqət çəkməyə çalışır.
1974-cü ilin sonuna beş gün qalmış qar yağdı. Bozdağ kəndinin yolları, demək olar ki, bağlandı. Həmin il qış o qədər sərt keçdi ki, ən gur bulaqların suyu da dondu. Fevral ayının sonunadək bulaqların gözündəki buz açılmadı.
Bu müddət ərzində kənd sakinləri çox ağır günlər yaşadı. Qocalardan bəzilərinin canı soyuğa dözmədi; bu dünyayla vidalaşdılar... Sağ qalanlar isə “74-ün qışı”nı yaddaşlarına yazdılar... Onda telefon və televizor addım-addım insanların həyatında özlərinə yer açırdı, “internet” kəlməsi elmi termin kimi işlədilirdi. Ucqar dağ kəndində dünyadan xəbər tutmağın yeganə yolu radio idi. Kimsə telefonla uzaqdakı qohum-əqrəbasına xəbər ötürmək istəyəndə mütləq rayon mərkəzinə getməliydi. Kəndin elektriki də bərbad idi; sutkada 2-3 saat verilirdi. Üstəlik, köhnədən qalma işıq xəttləri tez-tez qırılır, kəndi aylarla neft lampasının və öləziyən şam işıqlarının ümidinə qoyurdu. Bir sözlə, vəziyyət ürək açan deyildi. Külək bir azca bərkiyəndə, yaxud qar yağmağa başlayanda hamı evdə şamını, lampasını gündüzdən hazırlayardı.
Bu sabah da kənd sakinləri işıqsız oyanmışdı. Dünəndən başlayan qar dayanmadan bütün gecəni yağmışdı. Yarım metrə çatan güclü qar ağacların budağını sındırmışdı. Damı köhnə olan evlərə ziyan dəymişdi. Yol-iz bağlanmışdı; evlə tövlə arasında cığır açmaq üçün, ən azı, yarım saat kürəklə qar təmizləmək lazım idi. Kənd başdan-başa qışın sərt ədasını yaşayırdı... Amma, Bozdağın əhalisi bu sərtlikdən qorxmurdu. Onlar ömürlərini bu cür soyuqlara sinə gərməyin yollarını öyrənməklə keçirmişdilər. Bilirdilər ki, uzağı, bir həftəyə yağan qar da əriyəcək, “mantyor” İsa ayağına rezin çəkmələrini geyinib işıq dirəklərinə dırmaşacaq, kənd sakinlərindən bir çolpa qonaqlığının sözünü alıb köhnə aliminium məftilləri uc-uca bağlayacaq, çox yox, iki həftə sonra bütün bunlar təkrar yaşanacaq...
Bozdağın əhalisi qış ehtiyaclarını toplamağa yazın ilk günlərindən başlayırdılar. Sonuncu qarın əriməsiylə taxıl sahələrində boy göstərən tulça zoğlarından turşu qoyur, körpə əvəliklərdən hörüklər hörüb qurudurdular. Üzü yaya otlaqların nazını çəkir, mal-qoyunun qış azuqəsini qar-su düşməyən yerlərə yığardılar. Əkin sahələrinin və meyvə bağlarının məhsulunu payızın sarı kəkili görünən kimi toplamağa başlayırdılar. Bilirdilər ki, sarı kəkilli payız çaydaşıran leysanını başlarına tökməkdə gecikməyəcək. Bağ-bostanın məhsulundan satılıq olanını ayırıb rayon mərkəzinə enər, qışın ən əsas azuqəsini-un taylarını İsfəndiyarın “ZİL” maşınının kuzovunda üst-üstə qalaqlayar, ürəkləri tox halda kəndin dolaylı yollarıyla evə dönərdilər... Ot bol olarsa, heyvanlar yaza çıxacaqdı. Qış nə qədər sərt keçsə də, soyuqlar uzun çəksə də, əldamındakı un tayları insanları aclıqdan qoruyacaqdı. Umac, əriştə, xəngəl, qaşıqxəngəli, sülfüllü, köpməcə, qatlama, fəsəli kimi xəmir yeməkləri Bozdağlıların mədəsini tox tutduğu kimi, ruhunu da doyururdu.
İstilik isə dərd olunası məsələ deyildi. Dörd tərəfi meşə olan Bozdağın hansı səmtinə əl atsan, bir at yükü odun taparsan. Yayın uzunu otlaqdan-heyvandan boş vaxt tapan kimi kəndin kişiləri və yeniyetmə oğlanları atları yəhərləyib meşəyə üz tutar, axşama “bir kub odun”la dönərdilər. Kəndin qızlarının güllü yaylıqlarının arasında “qıtmıq” gətirdikləri də çox olardı. Zoğal, fıstıq, əzgil yığmağa gedən qızlar meşədə odun doğranan yerlərə rast gələndə baltanın ağzından qaçmış odun qırıntılarını- qıtmıqları orda qoymağa heyfsilənərdilər...