Dövlət məsələsi hazırda həm nəzəri, həm də əməli-siyasi cəhətlərdən xüsusi əhəmiyyət kəsb edir. İmperialist müharibəsi inhisarçı kapitalizmin dövlət-inhisar kapitalizminə çevrilməsi prosesini son dərəcə surətləndirmiş və kəskinləşdirmişdir. Qüdrətli kapitalist ittifaqları ilə get-gedə daha sıx birləşən dövlətin zəhmətkeş kütlələrə etdiyi dəhşətli zülm getdikcə daha dəhşətli şəkil alır. Qabaqcıl ölkələr — biz onların “cəbhə arxasını” nəzərdə tuturuq — fəhlələr üçün hərbi katorqa habsxanalarına çevrilir. Uzanmaqda olan müharibənin eşidilməmiş dəhşətləri və fəlakətləri kütlələrin vəziyyətini dözülməz bir hala salır, onların hiddətini artırır. Aşkar surətdə beynəlxalq proletar inqilabı güclənir. Onun dövlətə münasibəti məsələsi əməli əhəmiyyət kəsb edir. On illər boyu davam edən nisbətən dinc inkişaf dövründə toplanmış opportunizm ünsürləri bütün dünyanın rəsmi sosialist partiyalarında hökm sürən sosial-şovinizm cərəyanı yaratmışdır. Sözdə sosializm, işdə isə şovinizm olan bu cərəyanın (Rusiyada Plexanov, Potresov, Breşkovskaya, Rubanoviç, sonra azacıq üstüörtülü şəkildə cənab Sereteli, Çernov və Kº-sı; Almaniyada Şeydeman, Legin, David və başqaları; İngiltərədə Haydman və fabiçilər və i. a. və i. a.) xüsusiyyəti ondan ibarətdir ki, “sosializm başçıları” yalnız “öz” milli burjuaziyasının mənafeyinə deyil, məhz “öz” dövlətinin mənafeyinə də alçaq bir yaltaqlıqla uyğunlaşır, çünki böyük dövlət deyilən dövlətlərin çoxu bir sıra kiçik və zəif xalqları artıq çoxdan bəri istismar edir və əsarət altında əzməkdədir. İmperialist müharibəsi isə məhz belə bir qəniməti bölüşdürmək və yenidən bölüşdürmək ustündə aparılan müharibədir. “Dövlət” haqqında opportunist mövhumatlarına qarşı mübarizə aparmadan zəhmətkeş kütlələri ümumiyyətlə burjuaziyanın və xüsusilə imperialist burjuaziyanın təsirindən xilas etmək uğrunda mübarizə aparmaq mümkün deyildir.