Fərəh Pəhləvi 1938-ci il oktyabrın 14-də Tehranda doğulub. Atası Söhrab Diba İran Ordusunun zabitlərindəniydi. Eyni zamanda Sorbonnada (Fransa) hüquq təhsili almışdı. Diba (farsca “ipək” mənasını verir) ailəsinin kökləri Azərbaycanda, Xəzər dənizi sahillərində yaşayan Qütbi xanədanına gedib çıxır. Fərəh Pəhləvi Tehrandakı Janna d’Ark və Razi məktəblərini bitirəndən sonra Parisdə memarlıq təhsili aldı. Memarlığa duyduğu böyük sevgi bütün həyatı boyunca davam elədi.
1959-cu ildə dekabrın 21-də İran şahı Məhəmməd Rza Pəhləviylə ailə qurdu. 1967-ci ildə Kraliçə (Şahbanu) oldu və İran tarixi ərzində tac qoyan ilk qadın kimi tanındı. Ailə qurandan sonra bütün diqqətini sosial fəaliyyətə yönəltdi. Qadınların azadlığına, idman və sənət sahələrinin inkişafına üstünlük verdi. Təhsil, sağlamlıq, mədəniyyət və yardım yönümlü iyirmi dörd dərnəyə rəhbərlik elədi. Sənətə olan meylinin İrandakı mədəni mühitin canlanmasına böyük təsiri oldu. İranlı gənc sənətçiləri dəstəkləməci qədim ənənəvi sənətlər və memarlıqla bağlı muzeylərin açılmasına təkan verdi.
Ölkədə yaranan qarmaqarışıqlıqlar ucbatından Şahla birlikdə ölkəni tərk elədi. İrandakı şahlıq rejiminin 1979-cu il yanvarın 16-da devrilməsindən sonra Baham adalarından Meksikayacan uzanan geniş bir ərazidə sürgün həyatı yaşadı. Ciddi xəstəliyə tutulan Şah 1980-ci il iyulun 27-də Misirin paytaxtı Qahirədə vəfat elədi.
Rza, Fərəhnaz, Əli Rza və Leyla adlı dörd uşaq dünyaya gətirdi. Qızı Leyla 2001-ci il iyunun 10-da Londondakı bir otel otağında ölmüş vəziyyətdə tapıldı. 2003-cü ildə 65 yaşını qeyd eləyən Fərəh Pəhləvi “Xatirələr” adlı kitabını nəşr etdirdi. Hələ də uşaqlarıyla birlikdə Amerikada sürgün həyatı yaşamaqdadı.