KitabYurdu » Kitab » Tarix » İstiqlal yürüşü -1918


Şeçilmişlər İstiqlal yürüşü -1918

İstiqlal yürüşü -1918 PDF
ADI:
İstiqlal yürüşü -1918
REYTİNQ:
  • +16
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2009
ÖLÇÜSÜ:
4.47 Mb
Hər bir millətin keçmişi nəsillərin vahid tarixi əlaqəsini yaradan irili-xırdalı hadisələrdən ibarətdir. Hərbisiyasi olaylar bu hadisələr sırasında xüsusi yer tutur. Məhz bu hadisələrin gedişində millət öz mövcudluğu uğrunda mübarizə aparır, bu mübarizədə möhkəmlənir, birləşir. Bəşər övladının ilk məskənlərindən olan Azərbaycan zəngin tarixi keçmişə malikdir. Əsrlər boyu beynəlxalq rəqabətin obyektinə çevrilən diyarımız öz mövcudluğu uğrunda ağır sınaqlardan keçmiş, qanlı döyüşlərdə iştirak etməli olmuşdur. Xarici işğalçılara qarşı aparılan mübarizədə xalqımız nəinki öz mövcudluğunu qoruyub saxlamış, hətta təkrarolunmaz mədəniyyət yaratmışdır. Bu, «Odlar ölkəsinin» mərd oğlan və qızlarına xas olan döyüşkənlik ruhu, və-tənpərvərlik sayəsində mümkün olmuşdur. Ümummilli lider Heydər Əliyev demişdir: «Azərbaycan Respublikası öz torpaqlarını qorumaq üçün böyük potensiala malikdir. Onun ən böyük potensialı - bizim vətəndaşların öz Vətənlərinə olan sədaqəti və məhəbbətidir. Bu hisslər xalqımızın tarixi qəhrəmanlıq ənənələri ilə doğulmuşdur...». Bu ənənələrin, o cümlədən Azərbaycan hərb tarixinin öyrənilib təbliğ edilməsi milli Silahlı Qüvvələrin möhkəmlənməsinə yönəlmiş praktiki addımlar qədər əhəmiyyətlidir. Hərb tarixini bilmək təkcə ordunun şəxsi heyəti üçün deyil, ümumiyyətlə, bütün vətəndaşlar üçün vacibdir. Bu çoxşaxəli problemin həlli isə hərb tarixini işıqlandıran elmi və elmi-kütləvi əsərlərdən bilavasitə asılıdır. Bu baxımdan təqdim olunan kitab olduqca böyük əhəmiyyətə malikdir. Ağayev Yusif və Əhmədov Səbuhinin birlikdə hazırladıqları kitab Azərbaycan tarixinin ən ağrılı məqamlarından birinə- 1917-ci ilin noyabrından 1918-ci ilin sentyabrınadək olan dövrdə baş vermiş hadisələrə həsr olunur. Azərbaycan torpaqları hesabına "Böyük Ermənistan" yaratmaq xülyasında olan erməni millətçiləri 1988-ci ildən başlayaraq zor gücü ilə Dağlıq Qarabağ və ona bitişik ərazilərimiz hesabına bu xülyanı reallaşdırmaq istəmişlər. Erməni siyasətbazları Ermənistan SSR ərazisində, daha sonra isə Qarabağ və ətraf ərazilərdə yaşayan azərbaycanlıları doğma ata-baba torpaqlarından qovduqdan sonra boşaldılmış ərazilərdə başqa ölkələrdən gətirilən erməniləri yerləşdirərək burada «Dağlıq Qarabağ Respublikası» adlı qondarma "müstəqil" dövlət yaratmaq, ya da zəbt edilən əraziləri Ermənistana birləşdirmək niyyətinə düşmüşlər. Tarixi kökü olan bu günkü hadisələri dərindən və düzgün təhlil edə bilmək üçün dünənki faktlara dönə-dönə müraciət etmək zərurəti yaranır. Kitabın ilk paraqraflarında müəlliflər hərbi məqamlardan çox, artıq tədqiqatçılara məlum olan faktları sadalamaqla bəzi siyasi məqamları oxuculara bir daha xatırlatmaq istəyirlər. 1917-ci il Fevral inqilabından sonra Rusiyada hakimiyyətə gələn Müvəqqəti Hökumət erməni hərəkatını dəstəklədi. Tiflisdə keçirilən erməni konfransında Qafqazı və Şərqi Anadolunu əhatə edəcək "Böyük Ermənistan" yaratmaq planı qəbul edildi. 1917-ci il Oktyabr çevrilişindən sonra hakimiyyəti ələ keçirən bolşeviklər ermənilərə münasibətlərində Müvəqqəti Hökumətin siyasətini davam etdirdilər. 1917-ci il dekabr ayının 29-da Rusiya XKS-in Türkiyədə yaradılacaq Erməni dövləti haqqında 13 №-li Dekreti imzalandı. Qafqaz işləri üzrə Müvəqqəti Fövqəladə Komissar Stepan Şaumyanın köməyi ilə müvəqqəti Erməni Milli Hökuməti yaradılmalı idi. Ermənistana verilən torpaqlarda müsəlman əhalisinin sayının azaldılması məqsədilə erməni ordusu kütləvi qırğınlar siyasətini həyata keçirməyə başladı. Göyçə gölü ətraflarını, Naxçıvanı, Zəngəzuru və Dağlıq Qarabağı gələcək Ermənistan dövlətinin ərazilərinə çevirmək üçün erməni millətçiləri yeni-yeni planlar hazırladılar. Bakıda, bolşeviklər öz tabeliyində olan hərbi hissələrlə daşnakların silahlı dəstələrini birləşdirdilər. 1918-ci ilin martın 31-də Bakıda əməliyyata başlayan və bir neçə gün ərzində şəhərin azərbaycanlılara məxsus hissəsini viranəyə çevirib əhaliyə divan tutan erməni daşnak dəstələri bolşeviklərlə əlbir hərəkət edirdilər. Müsəlman əhalisinin qırğınları Şamaxıda, Qubada və digər Azərbaycan ərazilərində baş verdi. 1918-ci il mayın 28də müstəqil Azərbaycan dövlətinin yaradılması xəbəri bol-şevik-daşnak qüvvələrini təlaşa saldı. Gəncəyə və oradan da Tiflisə doğru hücumunda S.Şaumyan daşnak Andranikin əməli yardımına bel bağlayırdı. Təqdim olunan kitabın hərbi hadisələrin təsvirinə həsr olunmuş paraqrafları zəngin tarixi mənbələr (sənədli, illüstrativ, foto və s.) və mövcud elmi ədəbiyyat əsasında yazılmışdır. Bir çox hadisələrin işıqlandırılmasında müəlliflər arxiv materiallarından istifadə etmişlər. Müəlliflər həm Azərbaycan, həm də xarici ölkələrin tədqiqatçılarının əsərlərindən yaradıcı istifadə edərək Azərbaycanda hərb işi tarixinin ən çətin problemlərinin kompleks tədqiqini həyata keçirməyə cəhd göstərmişlər. İşin strukturu da hərb tarixinin gedişi ilə şərtləndirilmişdir. Y.Ağayev və S.Əhmədov Azərbaycanda baş vermiş hərbi-siyasi hadisələri təsvir edir, tərəflərin silahlı qüvvələrinin hərbi strukturunu açıqlayır, tətbiq edilmiş silahları araşdırırlar. Daha sonra müəlliflər hərbi əməliyyatları, bu əməliyyatların gedişində Azərbaycan hərb sənətinin hansı dəyişikliklərə məruz qalmasını, hansı nailiyyətləri əldə etməsini ətraflı təsvir edirlər. Tədqiqat işində tarixşünaslıqda indiyədək məlum olmayan bir çox tarixi faktlar da öz əksini tapmışdır. Kitabda mövzuya dair fotoşəkil, rəsm, xəritə və sxemlərin verilməsi onu daha da oxunaqlı edir, kitabın elmi əhəmiyyətini artırır. Müəlliflərin aşkar etdiyi və tədqiqata cəlb edilən statistik mənbələrin yeniliyi ciddi tədqiqat işinin aparılmasından xəbər verir.1915-ci ildə Rusiyanın Van və Ərzurumdakı baş konsulu general V.F. Mayevski yazırdı: "Həqiqət ona görə yoxdur ki, erməni müəllifləri həmin həqiqətdən düşünülmüş şəkildə qaçırlar. Onların bütün fəaliyyəti yalanlar, ağlasığmaz, görünməmiş, hələ eşidilməmiş qəddarlıqlar uydurmağa əsaslanmışdır ki, başqalarında ermənilərə rəğbət, türklərə nifrət hissi yaransın". Bunların qarşısını almaq, erməni təbliğatını susdurmaq isə ilk növbədə tarixi həqiqətə əsaslanan kitabların yazılması ilə mümkündür. Azərbaycan hərb tarixinin şanlı səhifələri haqqında olan hazırkı kitab da həmin zərurətdən irəli gəlir. Şübhə etmirik ki, bu kitab oxucular və ictimaiyyət tərəfindən maraqla qarşılanacaqdır.