Ulu və zəngin Hərb tariximizin elə öyündürücü, dəyərli səhifələri var ki, indiyədək oxucu nəfəsi duymayıb. Belə unudulmuş səhifələr, ibrətli döyüş epizodları XIX-XX əsrlərdə yaşamış generallarımızın ömür və döyüş yolunda daha çox olmuşdur. Bütün bu tarixi həqiqətlər sovet totalitar rejimi illərində “Tamamilə məxfi”dir qrifi ilə arxivlərdə gizlədilmişdir. Bizə maddi və mənəvi yara vuranların məqsədi bəlli idi. Xalqımızı manqurtlaşdırmaq, onun igidlik tarixini saxtalaşdırmaqla qan yaddaşından silmək istəyiblər. Yazıçı-publisist Şəmistan Nəzirlinin yeni kitabında Azərbaycan sərkərdələrinin Port-Artur, Birinci dünya müharibəsi və 1920-ci ilin mart ayında daşnaq ermənilərinə qarşı aparılan ölüm-dirim döyüşləri tarixi faktlar əsasında qələmə alınıb. Polkovnik-leytenant Şəmistan Nəzirlinin əsəri qəhrəmanlıq tariximizi yaşatmaq, milli mənliyimizi qorumaq, yurd eşqi dəyər damarımıza güc vermək baxımından çox dəyərlidir.
Ötən əsrin təlatümlü iyirmi, otuzuncu illərində yaşamış sərkərdələrimiz zamanın sərt abı-havasını udublar. Müdhiş sürgünlər, dözülməz güllələnmələr və qərəzkar enkevede dindirmələri arzu olunmadan onların bəxt kitabına yazılıb. Yetmiş ildən çox bir zaman kəsiyində suçlu ömür sürmüş totalitar sovet rejimi zər paqonlu oğullarımızı bizə unutdurmağa can atmışdır. Biz onlara sağlığında qiymət verib qədrini bilməmişik. 1920-1937-ci illər ərzində güllələnən 19 nəfər generalımızın heç ziyarət eləməyə məzarı da yoxdur. Bu acı tale ilk Hərbiyyə nazirimiz tam artilleriya generalı Səməd bəy Mehmandarovdan da yan keçməyib. 1931-ci il fevralın 12-də vəfat edən Səməd bəy indiki Şəhidlər xiyabanında dəfn olunmuşdur. 1939-cu ildə bolşevik S.M.Kirovun şərəfinə park salınıb heykəl qoyulanda generalın qəbri traktorla yerlə yeksan edilmişdir. Hər kəsin öz adı, öz qisməti və acılı-şirinli taleyi var. Tarix yaxşıları şərəflə yaşadır. Bədxahlar nə qədər əngəl törətsələr də, tarixdə adsız qəhrəman, izi itən ziyalı olmamalıdır. 1920-ci ilə qədər yaşamış 69 azərbaycanlı generalın hərb tariximizdə işıqlandırılmaması bizi çoxdan düşündürürdü. Nəhayət, zaman öz sözünü dedi. Müxtəlif arxiv materialları əsasında qəhrəmanlarımızın həyatına, igid əməllərinə çıraq tuturuq. Vaxtı ilə Azadlığımız uğrunda vuruşub həlak olan cümhuriyyət sərkərdələrimizi heç vaxt unutmayın. Üzünüzə açılan yeni kitabı oxuyun, onları yaxından tanıyın. Qoy onlar sizə özünüz kimi əziz və doğma olsunlar.