“...Xalqımızın böyük insanları 1918-ci il may ayının 28-də Tiflisdə Azərbaycanın “İstiqlal Bəyannaməsi”ni elan edərək respublikamızın müstəqilliyinin əsasını qoydular. Azərbaycan Xalq Cümhuriyyətini yaratdılar. Məlumdur ki, o vaxt əvvəlcə Milli Şura yaranmışdı və Milli Şuranın qərarı ilə də “İstiqlal Bəyannaməsi” elan edilmişdi. Beləliklə, XX əsrin əvvəlində Azərbaycanda xalqımız milli azadlığını bəyan etdi, öz milli dövlətini yaratmağa başladı. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, “İstiqlal Bəyannaməsi”nin elan olunması böyük zəka, uzaqgörənlik, cəsarət, iradə, qəhrəmanlıq tələb edirdi. Bizim dəyərli siyasi xadimlərimiz o gün, o il, o ay bu tarixi addımı atdılar. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması çox çətinliklərlə başa gəlmişdir. Çünki məlumdur ki, buna kənardan mane olmaq istəyən qüvvələr də çox idi və Azərbaycanın həyatında da vəziyyət çox qarmaqarışıq, ağır, çətin idi. Ancaq Xalq Cümhuriyyəti yaranandan sonra onun fəaliyyəti də böyük çətinliklərlə, problemlərlə, böyük müqavimətlərlə, maneələrlə rastlaşmışdır. Biz bu gün iftixar hissi ilə deyə bilərik ki, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti yaşamış, fəaliyyət göstərmiş və iki il müddətində çox böyük işlər görmüş, Azərbaycanın müstəqil gələcəyinin əsasını qoymuşdur. ...\Azərbaycanın bir müstəqil dövlət kimi yaşaması üçün artıq bütün əsaslar yaranıbdır. Bu gün Azərbaycanın dövlət müstəqilliyi təmin olunubdur və əmin ola bilərsiniz ki, bu dövlət müstəqilliyi etibarlı əllərdədir. Mən bu gün Azərbaycanın milli azadlığı, müstəqilliyi yolunda xidmət göstərmiş, həlak olmuş, özünü qurban vermiş insanların ruhu qarşısında baş əyirəm. Azərbaycan xalqını, Azərbaycanın bütün vətəndaşlarını əmin edirəm ki, biz bundan sonra da Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli varisləri olacağıq, xalqımızın milli azadlığını qoruyacağıq, saxlayacağıq. Biz Azərbaycanın dövlət müstəqilliyini göz bəbəyimiz kimi qoruyacağıq və günü-gündən möhkəmləndirəcəyik, daha da yüksəklərə qaldıracağıq! Eşq olsun Azərbaycan xalqına! Yaşasın sarsılmaz əbədi, müstəqil Azərbaycan!”
Heydər ƏLİYEV,
ÜMUMMİLLİ LİDER