Epiteli hündürlüyünün əsasında yerləşən mezenxim diş məməciyinə differensiasiya olunur ki, bundan da əvvəlcə pulpa, sonra isə dentin əmələ gəlir.
İçərisində diş məməcikləri olan və epiteli mayanı əhatə edən birləşdirici toxuma mənşəli törəmə diş kisəciyini əmələ gətirir. Diş kisəciyindən isə kökün sementi, bağ aparatı və alveolyar çıxıntının sümük hissəsi əmələ gəlir. Bununla da diş mayalarının əmələgəlmə mərhələsi başa çatmış olur.
Diş toxumalarının differensiasiya mərhələsində dişlərin və parodontun1 formalaşması başlayır. Mina orqanının xarici epiteli hüceyrələri minanın xarici qatını təşkil edir. Dişlərin çıxma dövründə epiteli hüceyrələri əhəmiyyətli dərəcədə dəyişikliyə məruz qalır, nüvələrini itirir, qalınlaşır və birləşdirici toxuma epitelisinə çevrilir (şəkil 1).
Dişlər çıxdıqdan sonra süd dişlərinin kökləri 2,5 il, daimi dişlərin kökləri isə 3 il müddətində tam formalaşmış olur.
Sementin inkişafı diş köklərinin formalaşması ilə eyni vaxtda, xüsusi hüceyrələrin – sementoblastların hesabına baş verir.