KitabYurdu » Məqalə » İMADƏDDİN NƏSİMİNİN DİVANINDA QRAMMATİK ARXAİZMLƏR


Şeçilmişlər İMADƏDDİN NƏSİMİNİN DİVANINDA QRAMMATİK ARXAİZMLƏR

İMADƏDDİN NƏSİMİNİN DİVANINDA QRAMMATİK ARXAİZMLƏR

İlkin Mehman oğlu Abbasov

Gəncə Dövlət Universiteti

aabbasovilkin@gmail.com


Azərbaycan ədəbi dilinin ümumxalq dili əsasında formalaşması dövrünün ilk mərhələsini (XIV-XV) Nəsiminin yaradıcılığı tamamlayır. Nəsiminin dili XIV-XV əsr Azərbaycanədəbi dilinin parlaq bir nümunəsidir. Nəsimin dilindəərəb-fars sözləri işlənsə də ana dili elementləri daha çox üstünlük təşkil edir. Şairin dilini səciyyələndirən ən məqbul və milli baxımdan ən vacib məsələ dilində hər bir sözün, qrammatik formanın poetikləşdirilməsidir. Bu əsrlərdə Azərbaycan dilinin lüğət tərkibi üçün xarakterik əlamətlərdən biri leksik paralellikdən ibarətdir. Ə. Dəmirçizadə bu barədə qeyd etmişdir “Nəsimi əsərlərində ərəbcə, farsca, azərbaycanca həmməna sözlərin müvazi işlənməsi daha çox bədii üslubun müəyyən xüsusiyyətləti ilə vəzn, qafiyə, təşbeh silsiləsi və s. ilə üzvi surətdə əlaqədardır. Bəzən isə Nəsimi bir misra və ya bir beyt daxilində azərbaycanca, ərəbcə və ya farsca həmməna sözləri yanaşı işlətmişdir ki, bununla da o, bir sözün,xüsusən məcazi mənasını ikincihəmməna sözlə düzgün anlatmaq istəmişdir. Bu cür eyni mənalı sözlərin bəziləri biri digərinə nisbətən daha güclu işlənmiş və zəif işlənmiş söz tədricən ekivivalenti tərəfindən sıxışdırılaraq dildən çıxarılmışdır.

Nəsimi öz poeziyasında özünəməxsus ahəngə, pafosa, təkrarsız emasionallığa malik olmaq üçün Azərbaycan dilinin bir neçə vasitələrindən istifadə etmişdir. Bunlara ilk növbədə nidaları eləcə də şairin üslubunda ekspressiv – emosional məna kəsb edərək nidalaşmış ayrı – ayrı leksik vahidləri, törəmə niaları, ədatları və vokativ sözləri aid etmək olar. Müasir Azərbaycan dilinə əsaslandıqda hər hansı sözün, qrammatik formanın köhnəldiyini, bütövlükdə dil üçün fəaliyyətdən qaldığını görürük. Haqqında danışılan mərhələdə köməkçi sözlərin sonrakı mərhələdə arxaikləşmiş bir sıra formaları işlənmişdir. Cılayın, ucundan, qarşu, birlə, vəli, netəkim, gərçi, dəxi, üştə, hərgiz bu formalar dövrün qrammatik normasını müəyyən edir.

Nəsiminin divanında müxtəlif nidalar işlənmişdir. Vey nidası istisna olaraq Nəsiminin divanında işlənmiş bütün nidalar Azərbaycan işlək olmuşdur. Ey nidasının ekvivalenti kimi mürəkkəb qruluşa malik vey nidası Nəsiminin divanında ən fəal nitq faktı kimi özünü göstərir. Vey nidası xitabların əvvəlində gələrək əksər hallarda ey nidası ilə bir beyt daxilində işlənmişdir.

Vey rüxündür süfati – rəhmani.

Ciləyin qoşması XIV əsr abidələrinin dilində kimi qoşmasının sinonimi kimi işlənmişdir.

Bir mənciləyin aşiqi – bərdar kimin var?

Müasir Azərbaycan dilindəki ilə qoşması müxtəlif fonetik və fono – morfoloji variantlarda işlədilmişdir.Bu qoşma bəzi mənbələrdə ilən Nəsiminin dilində isə birlə formasında işlənmişdir.

Nəzar səcdə qılır tuti birlə qəndü nəbat.

Nəsiminin dilində işlənmiş Birlə qoşması iki tərkib hissədən əmələ gəlmişdir.Yəni say bildirən bir sözünün fel düzəldən -lə şəkilçisi və qədim feli bağlama şəkilçisi n ünsürü ilə birləşməsindən düzəlmişdir. Vaxtilə birlikdə, vəhdətdə deməkimiş. Lakin sonralar tədricən inkişaf edərək, müstəqil bir sözdən köməkçi bir sözə keçib, qoşma məzmunu kəsb etmişdir. Əvvəlki mənasından əlavə ikinci bir məna almışdır. Başqa sözlə desək, birlən, birlə, bilə qoşmaları iki əşyanın birlikdə alınmasnı, ya da müəyyən bir işin, hərəkətin müəyyən bir əşya vasitəsilə icra edildiyini və müşayiət olunduğunu bildirir. Bir sözü türk dillərində polisemantik mənaya malikdir və müxtəlif şəkilçilərlə müxtəlif mənalar ifadə edir. Ehtimal ki, bir sözü say mənasnı ifadə etməkdən əlavə qədim dövrlərdə türk qəbilələrinin dilində komitativlik mənası da ifadə etmişdir. Bu məna, məsələn, qırğız dilindəki bir qelaş birgələş, birqələ birləşdir, bitik birləş sözlərində, Azərbaycan dilindəki birgə, bitləşmə, birlik, birik, birlikdəvə s. sözlərdə indidə özünü göstərir. Əvvəllər birlən, birlə qoşması yalnız komitativ məna ifadə etmişdir. Qədim türk yazılı abidələrinin dilində bu həmin qoşmanın ifadə etdiyi yeganə mənadır. Digər mənaların (alət, səbəb, zaman, məkan mənalarının yaranması sonrakı dövrlərin məhsuludur. Güman etmək olar ki, birlə qoşmasında işlənən -şəkilçisi müstəqil feldənyaranmışdır. Bu felyabol «ol» sözü, ya da elə sözü ola bilər; bunu nəzərə aldıqda, birlə qoşmasının inkişaf yolunu belə təsəvvür etmək olar. Birelə> birelə> birlə Bu qoşma qədim türk yazılı abidələrinin dilində artıq birlə şəklində işlənir; məsələn: İnim Kültigin birlə sözləşdimiz “Kiçik qardaşım Kültigin ilə məsləhətləşdim” Eçim kağan birlə ilgərü Yaşıl əgüz Şantul yazıka təgi sülədimiz (KT). «Əmim xaqan ilə şərqə Yaşıl çay Şandun düzünə təki qoşun çəkdik. H. Həsənov bu qoşmanı leksik – fonetik arxaizimlərə daxil edir.

Müasir Azərbaycan dilində ancaq sözünün sinonimi olan leyk bağlayıcısı ərəb dilindən alınmış lakin sözünün tərkib hissəsidir.

Leyk mənidə bir haman oldu.

Müasir dilimizdə ancaqbağlayıcısının məna vəzifəsini ifadə edən fars dilindən alınmış vəli bağlayıcısı XIV əsrdən bəri dildə işlək olmuş və qarşılaşdırma bağlayıcısı vəzifəsini yerinə yetirmişdir. Bu bağlayıcı İmadəddin Nəsiminin və həmin dövrün başqa şairlərinin dilində də işlənmişdir. Klassik şeir üslubunda ancaq məhdudlaşdırıcı ədatının sinonimi kimi də çıxış edir. Vəli bağlayıcısı müasir dilimiz üçün arxaikləşmişdir.

Cəhd edərəm ki, alinə könlümü verməyən, vəli

Həm bilirəm ki, aqibət alinə könlüm alına.

Nəsiminin dilində işlənmiş və XVI əsrin yazı dilində arxaikləşməkdə olan əgər-əgər bağlayıcısına Xətai şeirlərində təsadüf olunur. Fars dilindən dilimizə keçmiş bu bağlayıcı şərt budaq cümlələrində iştirak edərək, həm istər bağlayıcısının sinonimi kimi, həm də şərt mənasında işlənir. Bu bağlayıcı həm yazıda, həm də şifahi nitqdə geniş işlənmişdir.

Əgər müşkül, əgər asan gərəkməz.

Zaman bildirən qaçan ki bağlayıcısı Nəsiminin divanında işlək olmuşdur.

Vəslində hər qaçan ki, Nəsimi açar ağız,

Fars dilindən alınmış güzəşt bidirən gərçe, əgərçe bağlayıcıları XIV əsrdən dilimizdə işlənməyə başlamış, XVIII əsrdən sonra öz işləkliyini itirmişdir.

Kəsilməz gərçi vəslindən Nəsimi,

Müasir dilimizdəki artıq sözünün sinonimi olan oş, uş, iştə, uştə ədatları XIV-XVI əsrlərin bədii dilində işlənmişdir.

Məndən ayrılmaz bu surət, əyalı məndədir.

Lacərəm-yəqin, sözsüz mənasında olan ərəb dilindən alınmış modal sözdür.

Lacərəm bu sifət əyan oldu.

Bu söz müasir dilimiz üçün arxaikləşmiş, istifadədən qalmışdır, lakin abidələrin dilində, xüsusən, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin dilində fəal işlənmişdir.

Tarixən də köməkçi nitq hissələri eyni vəzifəni yerinə yetirmiş və fəal işləklik dairəsinə malik olmuşlar. Vaxtı ilə müstəqil nitq hissəsi kimi işlənən bu sözlərin tədricən köməkçi funksiyası qazanmış, bəzən də onların həmin sözlərin şəkilçiləşməyə doğru inkişaf etdiyini də müşahidə etmək olur. Dildə mövcud olan köməkçi nitq hissələrinin müstəqil lüğəvi mənası yoxdur. Onlar ancaq söz birləşməsi və cümlə daxilində müəyyən qrammatik məna qazanaraq sözlər arasında müxtəlif tipli əlaqələri (və məna çalarlığı) yaradır. Bu prosesi izləmək ana dilinin bugününü aydın dərk etməyə, onun sabahını proqnozlaşdırmağa yardımçı ola bilər.

ƏDƏBİYYAT

  1. Azərbaycan ədəbi dili tarixi 4 cilddə I cild. Bakı 2008.
  2. Ə. Dəmirçizadə Azərbaycan ədəbi dilinin tarixi.I hissə.
  3. H. Həsənov Müasir Azərbaycan dilinin leksikası. Bakı 1988
  4. İmadəddin Nəsimi. Seçilmiş əsərləri I cild. Bakı 2004.
  5. İmadəddin Nəsimi. Seçilmiş əsərləri II cild. Bakı 2004.
  6. N. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ankara 1997.


Çap olunub: Bakı Mühəndislik Universiteti Gənc Tədqiqatçıların I beynəlxalq elmi konfransı. Bakı. 06.05.2017. s601

Michael
Michael
  • 4
Thank you ​lyrics​​​
  • 24 oktyabr 2018 14:50
  • Status: