Cek Londonun müəllifi olduğu bu əsərin orginal adı “Yol” (“The Road”) olsa da məna meyarına görə dilimizin və türk dilinin bəzi mənbələrinə “Aclar Ordusu” və ya “Dəmiryolu Avaraları” adı altında da tərcümə olunmuşdur. ”Yol” əsəri Cek Londonun xatirələrindən ibarət olan və dəqiq olaraq bioqrafik olduğu bilinən üç əsərindən biridir. 40 illik həyatında həyəcan və macəralar əksik olmayan müəllif, əsərdə uzun bir müddət aralarında yer alan dilənçi və avara “ordusu”-ndan bəhs edir. 1800-ci illərin sonunda yaşanılan böhran və, işsizliyin Amerikada yaratdığı ac insanlar daima hərəkət halındadır. Dilənən, qapıları yumruqlayan və yemək istəyən və ya oğurluq edərək çapıb-talayan insanlardır bunlar. London da, Vaşinqtona doğru axan bu “aclar ordusu”-nun içərisində yollarda səfil, amma, macərası bol bir həyat sürmüşdür.
General Kellinin ordusuna qoşulmaq arzusunda olan iki min avara, Vaşinqtona çatmaq üçün qatarlara pulsuz və gizli olaraq minirlər, dilənir və oğruluq edərək, avara bir həyat sürər, bu hədəflərinə çatmağı planlaşadırırlar. Vaşinqtona getməyin başqa bir səbəbi də 1 Mayda toplanaraq iş və əmək tələb etmək və içərisində olduqları bu səfalətdən qurtulmaqdır. Cek Londonun sosialist bir partiyayaya üzv olması hər kəsə məlumdur və bu əsərində də sosializmdən söz açmaqla öz siyasi görüşünü açıq aşkar büruzə vermişdir.
Səhifələri bir-bir oxuduqca, ölkəni başdan ayağa gəzən ekspress qatarlarında son dərəcə çətin şərait altında qaçaq olaraq səyahət etməyin incəliklərini və təhlükələrini, qatar məmurlarının qaçaqları tapıb qatardan atmaq istəməsi, ancaq qarşı tərəfin tutulmamaq üçün necə qaçdı tutdu oyunu oynadıqlarının şahidi oluruq. Polislər tərəfindən tutulduqdan və sadəcə bir neçə saniyə ilə mühakimə edildikdən sonra sorğusuz-sualsız həbsə atılmağın verdiyi inciklik və təəssüf hissini oxuyaraq hiss edir və orada işləyən iyerarxik vəziyyətə ayaq uydurmağın həyati vacibliyini öyrənmiş oluruq. Daha sonra, iki min nəfərdən ibarət olan “ aclar ordusu” ilə birlikdə kəndlərdə dilənib, xalqın onsuz da az olan yeməyinə ortaq oluruq. Bütün bu baş verənlər ilə yanaşı, kitaba ustaca əlavə edilmiş macəra və maraqlı hadisələrə də rast gəlmək mümkündür.
Əsərdə ən çox düşündürən hissələrdən birini sizlərlə paylaşmaq istəyirəm: “Yeməyə bir şeylər tapmaq üçün yoxsullara yaxınlaşmağa məcbur idim. Kasıblar, ac bir avaranın sonuncu və müraciət üçün yeganə ümididir. Onlara hər zaman inanmaq olar. Ac bir qonağı heç vaxt geri çevirməzlər. Böyük evlərdən yemək istəməyim hər zaman rədd edilmişdi və həmişə qırıq pəncərələri əskilərlə doldurulan balaca daxmalarda, işləməkdən üzləri çökmüş analardan yemək aldım. Onlar özlərinə lazım olanı vermirlər çünki əllərində artığı yoxdur. Çünki xeyirxahlıq, siz də ən az it qədər ac ikən onunla sümüyü paylaşmaqdır.” Görünür London burada bizə mesaj göndərir: Kim kimin həqiqi dostudur? Kimlərlə yola çıxılmaq lazımdır? Kimləri yıxmaq üçün kimlərlə birləşmək lazımdır? Görünür, hətta bu gün də düşünməyə layiq olan bir mövzu var: Yoxsulların birliyi.
Cek London - "Yol" əsərinin Türk dilində EPUB formatında elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilər