Sabahattin Ali, ona Bolqarıstana qaçmağı təşkil edən şəxsin əslində kəşfiyyatçı olmasını başa düşə bilmədi. Özünü, adı ölüm olan o dibsiz quyuya buraxdı.
“Kuyucaklı Yusuf”, ”İçimizdəki Şeytan”, ”Xəz Paltolu Madonna” və.s kimi əsərlər qələmə ala bilməyəcəkdi artıq. Dövlətin əli ilə öldürüləcək, ”Ankara” adlı əsəri də yarımçıq qalacaqdı. Paytaxtda dövlətin xeyirxah olmayan çarxlarının necə dövr etdiyini, siyasətçilərin və bürokratların əllərinin haralara kimi uzana biləcəyini yazacaqdı mümkün olsaydı. Yaza bilmədi. Başına vurulan bir odun parçası ilə qanlar içində yerə yıxıldı. Yaşıl mürəkkəbli dolma qələmi cibindən yerə düşdü. Çantasından, yeni romanının vərəqləri ətrafa səpələndi. Yazıları yetim qalmışdı, eyniylə qızı Filiz kimi. Gözləri bir daha açılmamaq üzrə yumularkən, portmanatında Aliyənin şəkilləri də ağlayırdı. Qısa sürən ömrü ərzində, nəsildən-nəsilə miras qala biləcək kimsəsiz qalmış əsərlər sığdıra bilmiş vətənsevər bir şəxs idi Sabahattin Ali. Yazıları ilə haqsızlığa, təzyiqə və ədalətsizliklərə baş qaldıran, eşqə aşiq bir sevda adamı idi.
Osman Balcıgilin qələminin məhsulu olan “Yaşıl Mürəkkəb” əsəri, tarixə not olaraq qeyd olunan və həqiqətləri əks etdirən misilsiz bir kitabdır.
Müəllif bu əsərdə, bir Türkiyə həqiqətini əks etdirmişdir. Osman Balcıgil, dövrün dilindən istifadə edərək, adətən oxucunu əsərdə gerçəkləşən hadisələrin baş verdiyi illərə aparır. Əsəri qələmə alarkən müəllifin heç bir təsvir və metaforalara yol verməməsi, əsərin daha da oxunaqlı olmasına vəsilə olmuşdur. Yazıçı yalnız Sabahattin Alinin deyil, eyni zamanda onun həyat yoldaşı olan Aliyə xanım haqqında da qeydlər aparmışdır. Halbuki Sabahattin Alinin, həyat yoldaşına olan məhəbbəti haqqında dillərə dastan olan məktubları vardır. Bütün bunlara baxmayaraq qələmə alınan bu əsəri həqiqəti bizə çatdırmaqda vasitə olan bir işıq adlandıra bilərik. Türkiyə, Sabahattin Alini “Xəz Paltolu Madonna” əsəri ilə tanıdı. Kitab rəflərində qalaraq toz basmış əsərləri yenidən oxunmağa başladı. Lakin bütün bunları Sabahattin Alinin öz gözləri ilə görə bilməməsi necə də kədərləndiricidir. Saatlarını sərf edərək həqiqətləri kağıza tökməsində tək bir məqsəd var idi: oxucular ilə görüşmək və oxuculara dövrün ədalətsizlikləri və haqsızlıqlarını çatdırmaq. Həyatını ədəbiyyata həsr etmiş əsil bir yazıçının başqa nə məqsədi ola bilərdi ki? Hətta oğrular və qatillər də öz cəzasını çəkdikdən sonra azadlığa çıxır. Lakin, həqiqətləri oxucuya çatdırmaq istəyərkən təzyiq və işgəncələrə məruz qalan hansı yazarımızın oxucularla görüşməsinə şərait yaradırlar ki?
1907-ci ildə Ədirnə şəhərində doğulmuş, ilk və orta təhsilini Erdemitdə almış, Balıkəsir Müəllim Məktəbində təhsilini tamamlamış Sabahattin Ali, dayısının köməyi ilə bir il Yozgat şəhərində müəllimlik etmişdi. Lakin, gənc Sabahattin heç Yozgatda qalmaq istəmirdi. Dayısı “Nə edəcəksən?” deyə sual verərkən, ”Moskvaya getmək istəyirəm” demişdi. Lakin, Alman dili imtahınında uğurlu olanların Almaniyaya göndərilməsi elanı çıxınca, gənc adamın Almaniya günlədi başlamış oldu. Üç dostu ilə bir yerdə Postdamda yaşayacaqdı. Qatarı gözləyərkən gördüyü qız isə onlarla eyni məktəbdə oxuyacaqdı.
Sabahattin Ali, Alman dilinə hakim olmağa qərarlı idi. Goethe, Şiller kimi müəlliflərin əsərlərini orginaldan oxuyacağı üçün böyük bir həyəcan keçirdir, bu mədəniyyətin təkcə ədəbi biliklərini deyil, musiqi mədəniyyətini öyrənmək üçün konsetlərə gedir və biliklər toplayırdı.
Axşam olan zaman isə qürbət həsrəti yaşayırdı. Tam o anlarda yaşıl mürəkkəbli qələmini çıxarar və ümidsiz sevgi bəslədiyi Nahit xanıma ünvanladığı şeirlərini qələmə alırdı. Qarşılıq görməsə belə öz məhəbbətindən heç cür əl çəkə bilmirdi. Hissləri şeirə çevrilərək yaşıl mürəkkəbli qələmdən tökülürdü.
“Nəticəsiz bir eşqə verdim gəncliyimi,
Nə balaca bir təmayül, nə də iltifat gördüm.
Qarşısında yalvararaq söyləyərkən sevdiyimi,
Gözlərində üzümə enən bir şillə gördüm.”
Sabahattin Alinin uşaqlığından, faciəvi bütün həyatını əks etdirən bu bioqrafik əsərin məzmununu əlbətdə kiçik bir məqalə ilə ifadə etməkdə çətinlik çəkdik. Lakin, oxucuların əsərə olan marağının itməməsi üçün əsərdən bundan artıq spoiler verməyi arzulamırıq. Bioqrafik əsər olduğu üçün oxucuların marağına səbəb olacağına əminəm.
Osman Balcıgil - "Yaşıl Mürəkkəb " əsərinin Türk dilində PDF formatında elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilər.
https://www.kitabyurdu.org/kitab/roman/1758-osman-balcigil-yesil-murekkep.html
https://www.kitabyurdu.org/kitab/roman/1758-osman-balcigil-yesil-murekkep.html